ABŞ–Rusiya–Çin anlaşması: Böyük masada YENİ BÖLGÜ

Siyasət

03.01.2026 15:36

“ABŞ, Rusiya və Çin arasında artıq qeyri-rəsmi razılaşma formalaşıb və bu razılaşma çərçivəsində tərəflər bir-birinin əsas maraq zonalarına müdaxilə etməmək barədə anlaşmaya gəliblər. Mövcud proseslər göstərir ki, hələlik rəsmi sənəd, kağız üzərində razılaşma yoxdur, amma yeni Potsdam–Yalta–Helsinki modeli praktikada artıq işləməyə başlayıb”.


TodayPress TV xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli bildirib. 

Onun sözlərinə görə, formalaşan geosiyasi konfiqurasiyada Rusiya və Çin Amerika qitəsindən geri çəkilir, İranı əvvəlki kimi qorumaqdan imtina edir, ABŞ isə Rusiyanın Ukrayna, Çinin isə Tayvan istiqamətində atacağı addımlara birbaşa müdaxilə etməmək xəttini seçir. 

“Nəticədə İran Avropa üçün Rusiyanı qismən əvəz edən əsas aktora çevrilir. Avropa İttifaqının dərin və sistemli böhrandan çıxışı üçün İran həm böyük bazar, həm də Avropaya daha uyğun logistik imkanlara malik enerji mənbəyi kimi mühüm rol oynayır. İran bu baxımdan Rusiyadan geri qalmır, bəzi sahələrdə isə daha çevik imkanlar təklif edir”, – deyə o qeyd edib.

Natiq Cəfərli vurğulayıb ki, Venesuela məsələsinin qısa müddətdə həllini tapması ABŞ üçün, xüsusilə də Donald Tramp administrasiyası baxımından ciddi uğur hekayəsinə çevrilə bilər:

“Beynəlxalq hüquq baxımından bu proseslər qanunsuzdur, lakin artıq hüququn real təsir gücü qalmayıb. Venesueladan sonra növbəti mərhələdə Kuba ilə bağlı oxşar ssenarinin işə düşməsi mümkündür”.

Ekspertin fikrincə, İranla bağlı tez-tez səsləndirilən “dəyişəcək” tezisi artıq geridə qalıb:

“İran artıq dəyişib. Bu, 10–15 il əvvəlki İran deyil. Regiondakı uzantıları mərhələli şəkildə sıradan çıxarılıb: Suriya itirilib, Livanda təsir minimuma enib, İraqda mövqelər zəiflədilib. İranın ‘dərin dövləti’ bunu anlayaraq dəyişikliklərin simvolu kimi Pezeşkiyanı önə çıxardı. İndi İran ABŞ-yə deyil, Avropaya açılacaq. “Keçmiş yoldan asılılıq” prinsipi işə düşür və bu prosesdə Britaniya ilə Fransa əsas oyunçulara çevrilir”.

Onun sözlərinə görə, ABŞ İrana kənardan hərbi və ya siyasi müdaxilədən çəkinməlidir:

“Əgər ABŞ və İsrail İrana qarşı hərbi müdaxilə qərarı versələr, bu, əslində, mövcud rejimin qalmasına xidmət edəcək. Xarici müdaxilə İran cəmiyyətini daxildə birləşdirəcək və dəyişiklik tələbini boğacaq”.

Natiq Cəfərli əlavə edib ki, hazırkı konfiqurasiyada ən qeyri-müəyyən mövqe Rusiyaya məxsusdur:

“Rusiya ayrıca güc mərkəzi kimi böyük masada yer almaqda çətinlik çəkir. Ya ABŞ, ya da Çinlə birlikdə hərəkət etməlidir. Rusiya biznes elitası ABŞ-yə, hərbi elitası isə Çinə meyillidir. Hansı “Kreml qülləsinin” qalib gələcəyini zaman göstərəcək”.

Ekspert hesab edir ki, bu miqyasda tektonik dəyişikliklər fonunda Ukrayna məsələsi böyük oyunların kiçik epizoduna çevrilir:

“Pokrovskun və ya Qulaypolenin kimin nəzarətində olmasının qlobal masa üçün əhəmiyyəti qalmayıb. Böyük oyunçular artıq öz paylarını alıblar və ya almaqdadırlar. Bu vəziyyətdə Ukrayna xalqı faktiki olaraq tək qalır və bu ağır durumdan çıxışı özü tapmalı olacaq”.

Qiymət Mahir

TodayPress TV

tag: Natiq Cəfərli ,ABŞ,Rusiya ,Çin,Todaypress.tv,