Tofiq Zülfüqarovun açıqlaması Ermənistanı ifşa etdi: O bənd çıxarılmasa...

Tofiq Zülfüqarovun açıqlaması Ermənistanı ifşa etdi: O bənd çıxarılmasa...
09.10.2026 21:58 Gündəm

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın daxili qanunvericiliyi ilə beynəlxalq öhdəlikləri arasında ziddiyyətlər olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.


Zülfüqarovun sözlərinə görə, ziddiyyətlərin əsas səbəbi SSRİ-nin dağılması dövründə qəbul edilən daxili hüquqi aktlarla Ermənistanın sonradan üzərinə götürdüyü beynəlxalq öhdəliklərin üst-üstə düşməməsidir.

O qeyd edib ki, Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad edilir. Həmin bəyannamədə isə 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti və “Dağlıq Qarabağ” Milli Şurasının qəbul etdiyi birləşmə qərarına istinad var. Zülfüqarovun fikrincə, bu müddəa Ermənistanın daxili hüququnda Qarabağa dair ərazi iddialarının saxlanılması kimi qiymətləndirilə bilər.

Sabiq nazir 1992-ci il iyulun 8-də Ermənistan Ali Sovetinin qəbul etdiyi qərara da diqqət çəkib. Həmin qərar Ermənistan hökumətinə “Dağlıq Qarabağ”ın Azərbaycanın tərkibində göstərildiyi beynəlxalq sənədləri imzalamağı qadağan edir.

Bununla yanaşı, Zülfüqarov xatırladıb ki, Ermənistan 2022-ci ildə Praqada keçirilən danışıqlar çərçivəsində və sonrakı sərhədlərin delimitasiyası prosesində Azərbaycanın 1991-ci il sərhədləri daxilində ərazi bütövlüyünü tanıdığını bəyan edib.

O bildirib ki, Ermənistan Konstitusiya Məhkəməsi 2024-cü ilin sentyabrında sərhədlərin delimitasiyası prosesinin ölkə konstitusiyasına uyğunluğu barədə qərar qəbul etsə də, yekun sülh sazişinin imzalanması üçün Qarabağın birləşdirilməsi ilə bağlı istinadların Ermənistanın hüquqi aktlarından çıxarılması zərurəti barədə fikirlər mövcuddur.

Zülfüqarov Ermənistanın 1992-ci ildə Alma-Ata Bəyannaməsi və MDB-nin yaradılması ilə bağlı sənədləri ratifikasiya edərkən irəli sürdüyü qeydlərə də toxunub. Onun sözlərinə görə, həmin qeydlərdə sərhədlərin tanınması məsələsinin SSRİ-nin dağılmasından əvvəl müstəqillik referendumu keçirən muxtar qurumlara da şamil olunması nəzərdə tutulurdu. Bu yanaşmanın “Dağlıq Qarabağ”a aid olduğu bildirilir.

Sabiq nazirin paylaşımında qeyd olunub ki, Ermənistan parlamentinin irəli sürdüyü qeydlərin beynəlxalq hüquqi qüvvəyə malik olmadığı iddia edilir. Buna səbəb kimi həmin qeydlərin MDB-nin depozitarisinə təqdim edilməməsi göstərilir.

Zülfüqarovun fikrincə, bu vəziyyət Ermənistanın daxili qanunvericiliyi ilə beynəlxalq öhdəlikləri arasında ziddiyyət yaradır və məsələ sülh danışıqları kontekstində əhəmiyyətini qoruyur.

Kübra Musayeva

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər