Saturnun qütbündə nəhəng onbucaq tapıldı - Alimlər araşdırır
Beynəlxalq astronomlar qrupu Saturnun cənub qütbündə onbucaq formasında nəhəng atmosfer dalğası aşkar edib.
TodayPress TV xəbər verir ki, bu barədə tədqiqat “Science Advances” jurnalında dərc olunub.
“Hubble” kosmik teleskopunun köməyi ilə edilən kəşf qaz nəhənginin qeyri-adi hava anomaliyalarını gizlətdiyini göstərir.
Bask Ölkəsi Universitetindən olan komanda planetin fırlanma oxunun meyilliyi səbəbindən yalnız 2023-cü ildə Yerdən görünməyə başlayan cənub yarımkürəsinin görüntülərini araşdırıb. Aşkar edilən struktur 58–63 dərəcə enlikdə yerləşir və saniyədə 2,5 metr sürətlə şərqə doğru hərəkət edir. Bu, sürəti saniyədə 116 metrə çatan yerli atmosfer axınından əhəmiyyətli dərəcədə yavaşdır.
Tədqiqatçılar müəyyən ediblər ki, onbucaqlının təpələri 32 günlük dövrlə və 4,6–8,4 dərəcə amplituda ilə tərəddüd edir. Modelləşdirmə göstərib ki, dalğanın yaranması küləklərin dövri olaraq pozulması və ya bir qədər şimalda yerləşən qaranlıq antisiklonik burulğanın təsiri ilə əlaqəli ola bilər.
Aysel Mətləb