NASA: Yerdən gətirilən mikroorqanizmlər Ayda uzun müddət yaşaya bilər

NASA: Yerdən gətirilən mikroorqanizmlər Ayda uzun müddət yaşaya bilər
22.08.2026 08:45 Maraqlı

NASA alimlərinin yeni araşdırması bəzi yerüstü mikroorqanizmlərin Ay torpağında dərin yuxu vəziyyətində uzun müddət qala biləcəyini göstərib.

TodayPress TV xəbər verir ki, xüsusilə tezliklə “Artemis” missiyaları çərçivəsində astronavtların göndəriləcəyi Ayın qütb bölgələri bu baxımdan diqqət çəkir.

Uzun müddət Ayın səthinin tamamilə steril olduğu düşünülüb. Güclü ultrabənövşəyi şüalanma, -170-dən +120 dərəcəyədək temperatur dəyişkənliyi və atmosferin olmaması Yer mənşəli canlıların burada cəmi bir neçə saat ərzində məhv olmasına səbəb olmalı idi. Lakin yeni araşdırma bunun tam olaraq belə olmadığını göstərir.

Əvvəlki qiymətləndirmələr niyə dəqiq olmayıb

2019-cu ildə aparılan araşdırma ultrabənövşəyi şüalanma və Günəş istiliyinin Ayda mikroorqanizmlərin əsas məhvediciləri olduğunu göstərib. Lakin həmin vaxt alimlər Ay səthini hamar və tamamilə açıq müstəvi kimi nəzərdən keçiriblər. Onlar relyefi – təpələri, kraterləri, daşları və hətta kiçik çökəklikləri nəzərə almayıblar. Halbuki məhz bu qeyri-bərabərliklər kölgə yaradır və burada şərait kəskin şəkildə dəyişir.

Qütb bölgələri xüsusilə əhəmiyyətlidir. Ayın cənub və şimal qütblərində Günəş heç vaxt üfüqdən yüksəkdə qalxmır. Burada temperaturun sabit şəkildə -150 dərəcədən aşağı olduğu daim kölgədə qalan ərazilər mövcuddur. Kraterlərdə isə su buzu qorunub qala bilər. Məhz bu ərazilər Yer mənşəli mikroorqanizmlərin sağ qalması üçün əsas potensial yerlər hesab olunur.

Alimlər nəyi araşdırıblar

NASA-nın Qoddard Kosmik Uçuşlar Mərkəzinin komandası üç növ bakteriya və iki növ göbələyi təhlil edib. Bu mikroorqanizmlərin hamısına insanlı kosmik aparatlarda tez-tez rast gəlinir və onlar artıq qeyri-adi dözümlülüklərini nümayiş etdiriblər: vakuuma, güclü soyuğa və yüksək enerjili hissəciklər axınına tab gətirə bilirlər.

Tədqiqatçılar bu orqanizmlərin sağ qalma qabiliyyəti ilə Ay səthinin ultrabənövşəyi şüalanma və temperatur səviyyələrinin əks olunduğu ətraflı xəritələri müqayisə ediblər. Nəticə gözlənilməz olub: hər iki qütbdə mikroorqanizmlərin kriptobioz – maddələr mübadiləsinin demək olar ki, tam dayandığı dərin “yuxu” vəziyyətində qala biləcəyi ərazilər mövcuddur. Onlar böyümür və hərəkət etmir, lakin şərait yaxşılaşdıqda yenidən “oyana” bilirlər.

Hətta ayaqqabı izi də kifayətdir

Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri mikroorqanizmlərin böyük sığınacaqlara ehtiyac duymamasıdır. Tədqiqatın həmmüəllifi Prabal Saksenanın sözlərinə görə, hətta ayaqqabı izi və ya Ay roverinin təkər izi belə həyat üçün əlverişli zona yarada bilər.

Reqolitdəki mikroskopik kölgə və ya kiçik çökəklik mikroorqanizmi birbaşa ultrabənövşəyi şüalanmadan qorumaq üçün kifayət edə bilər. Bu isə insanların Ayı təsadüfən nə dərəcədə asanlıqla “məskunlaşdıra” biləcəyi barədə təsəvvürləri dəyişir.

Bu, “Artemis” missiyaları üçün niyə vacibdir?

NASA Ayın cənub qütbü ərazisində insanların ilk dəfə eniş etməsini nəzərdə tutan “Artemis III” missiyasını hazırlayır. Məhz burada su buzunun ən perspektivli ehtiyatları və mikroorqanizmlər üçün ən əlverişli hesab edilən şərait mövcuddur.

Alimlər xəbərdarlıq edirlər ki, bundan sonra insanların Ayın səthinə təsadüfən gətirə biləcəyi materiallara daha diqqətlə yanaşmaq lazımdır.

Tədqiqatın həmmüəllifi, Qoddard Mərkəzinin üzvi geokimyaçısı Hizer Qrem bildirib: “Nəticələrimiz göstərir ki, istəmədən ora gətirə biləcəyimiz materiallara və geridə buraxa biləcəyimiz nəticələrə daha diqqətlə yanaşmalıyıq”.

Ay Yerin qədim “dondurucusu” ola bilər

Araşdırma daha bir maraqlı sual doğurur. Ola bilər ki, milyardlarla il əvvəl güclü asteroid zərbələri Yer səthindən mikroorqanizmlərin olduğu qaya parçalarını kosmosa atıb. Bu qalıqların bir qismi Aya çatmış ola bilər. Əgər onlar qütb kraterlərinə düşübsə, bu günə qədər donmuş vəziyyətdə qorunub qala bilərlər.

Saksenanın sözlərinə görə, “Ay, əgər bu izlər məhz qütblərə düşübsə, planetimizin keçmişinə dair maraqlı sübutları qoruyub saxlayan Yerin bir növ dondurucusu ola bilər”.

Növbəti mərhələ

Alimlər ekstremal şəraitdə həyatın sağ qalmasının sərhədlərini daha dəqiq müəyyənləşdirməyə imkan verəcək yeni təcrübələr planlaşdırırlar. Ay artıq sadəcə ölü bir qaya kimi deyil, Yer mənşəli həyatın nəzəri olaraq çox uzun müddət qoruna biləcəyi özünəməxsus “sığınacaqları” olan mürəkkəb dünya kimi nəzərdən keçirilir.

Tədqiqat avqustun 19-da "Science Advances" jurnalında dərc olunub.

Qiymət Mahir

XƏBƏR LENTİ
22 AVQUST 2026
Bütün Xəbərlər