İki balina Avstraliya ilə Braziliya arasında 15 min kilometrlik rekord məsafəni qət etdi
Maraqlı
23.05.2026 08:00
Alimlər görünməmiş hadisəni qeydə alıblar: iki qozbel balina Yer kürəsinin az qala yarısını dövr edərək Avstraliya ilə Braziliya arasında təxminən 15 min kilometrlik məsafə qət edib.
TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri "Royal Society Open Science" jurnalında dərc olunub.
Bu marşrut həmin balina növü üçün indiyədək sənədləşdirilmiş ən uzun miqrasiya marşrutu hesab olunur. Rekord səfər heyvanların quyruqlarındakı unikal naxışlar sayəsində izlənilib. Çünki bu naxışlar balinalar üçün bir növ "barmaq izi" rolunu oynayır.
Qozbel balinalar uzun miqrasiyaları ilə tanınsalar da, onların hərəkət istiqamətləri adətən sabit olur. Heyvanların əksəriyyəti hələ uşaqlıqdan analarından öyrəndikləri yollarla hərəkət edirlər.
Alimlər bu araşdırma üçün son 40 ildə çəkilmiş 19 mindən çox balina fotosunu nəzərdən keçiriblər. Süni intellekt vasitəsilə Avstraliyanın şərq sahillərində və Braziliyada qeydə alınan balinaların quyruq naxışları müqayisə olunub.
Məlum olub ki, balinalardan biri bununla həm də əvvəlki rekordu təzələyib. Bundan əvvəl qeydə alınmış ən uzun miqrasiya Kolumbiyadan Zənzibara üzən bir balinaya məxsus idi.
tag: Alim,Blina,Dünya,Kəşf,Todaypress.tv,
