Alimlərdən sensasiyalı açıqlama: 45 planetdə yadplanetli həyat ola bilər
Bəşəriyyətə məlum olan 45 ekzoplanetdə yadplanetli həyatın mövcudluğu ehtimal edilir.
TodayPress TV xəbər verir ki, Rusiya Elmlər Akademiyasının astrofiziki Dmitri Bisikalonun araşdırmasına görə, həmin planetlərdən 35-i yaşayış zonasındadır.
Bu planetlərin ölçüləri Yerdən dörd radiusdan çox deyil.
Alim bildirib ki, 35 planetdən 18-i ölçü və xüsusiyyətlərinə görə Yerə bənzəyir. Lakin bu, onların mütləq yaşayış üçün əlverişli olduğu anlamına gəlmir.
Bisikalonun qeyd etdiyi kimi, alimlər həmin ekzoplanetlərin atmosferini müəyyənləşdirməyə çalışıblar və üç planetdə atmosferin mövcudluğunu təsdiqləyə biliblər. Bu planetlərin həm yaşayış zonasında yerləşməsi, həm də atmosferə sahib olması onların xüsusi maraq doğurmasına səbəb olub.
Astrofizik həyat üçün əsas şərtlərdən birinin planetdə bərk səthin olması, digərinin isə güclü istixana effektinin olmaması olduğunu bildirib.
Digər tərəfdən, NASA və Con Hopkins Universitetinin astronomları ulduzlardakı güclü partlayışların yaşayış üçün əlverişli planetlərin ozon təbəqəsinə ciddi təsir göstərə biləcəyini müəyyən ediblər.
Mütəxəssislərin fikrincə, belə partlayışların gücü planetin atmosferinin taleyində mühüm rol oynayır. Bəzi hallarda ozon təbəqəsi qoruna və ya bərpa oluna bilər, daha güclü partlayışlar isə onu tamamilə məhv edə bilər.
Türkan İsgəndərli