ABŞ-də körpə iki dəfə "dünyaya gəlib" - FOTO

Maraqlı

08.05.2026 08:00

ABŞ-nin Florida ştatında nadir tibbi əməliyyat nəticəsində körpə iki dəfə "dünyaya gəlib".

TodayPress TV xəbər verir ki, hamiləliyin 19-cu həftəsində həkimlər döldə yuxarı tənəffüs yollarının obstruksiyası sindromu aşkar ediblər.

Bu nadir patologiya zamanı xüsusi membran dölün tənəffüs yollarını tamamilə bağlayır. Həkim Emanuel Vlastos 42 illik karyerası ərzində cəmi bir neçə belə halla rastlaşdığını və onlardan yalnız üçünün uğurla nəticələndiyini bildirib.

Uşaqlıqdaxili ilk lazer əməliyyatı cəhdi uğursuz olduqdan sonra, həkim ekstremal bir variant təklif edib. Hamiləliyin 25-ci həftəsində qismən qeysəriyyə əməliyyatı icra olunub; körpənin başı və qolları ana bətnindən çıxarılsa da, bədəni plasentaya bağlı saxlanılıb. Bu vəziyyətdə LOR cərrahı dərhal oğlan uşağının tənəffüs yollarını təmizləyib. Prosedur bitdikdən sonra körpə yenidən bətnə yerləşdirilib və ana dölü sona qədər daşıya bilməsi üçün xəstəxana nəzarətində qalıb.

Bu qeyri-adi əməliyyatdan altı həftə sonra körpə tam şəkildə dünyaya gəlib. Cəmi 1.4 kq çəki ilə doğulan körpə dörd ay reanimasiyada qalıb. Hazırda ağciyərlərin süni ventilyasiyası aparatına bağlı olan və əlavə əməliyyatlara ehtiyac duyan körpənin valideynləri baş verənləri əsl möcüzə adlandırırlar.


TodayPress TV 

tag: Dünya,ABŞ,Doğum,Uşaq,Todaypress.tv,