Qurumun akkreditasiya attestatı bu hallarda ləğv oluna bilər

Qurumun akkreditasiya attestatı bu hallarda ləğv oluna bilər
13.11.2026 12:14 İqtisadiyyat

Akkreditasiya olunmuş qurumlar müəyyən edilmiş tələblərə əməl etmədikdə və aşkarlanan uyğunsuzluqları aradan qaldırmadıqda onların attestatları ləğv edilə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) Keyfiyyət üzrə meneceri Ləman Salmanova jurnalistlərin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, akkreditasiya qiymətləndirməsi zamanı ən çox rast gəlinən problemlərdən biri qurumların bəyan etdikləri fəaliyyət sahəsi üzrə kifayət qədər səriştəyə malik olmamasıdır.

Bildirilib ki, bəzi qurumlarda müvafiq fəaliyyətin həyata keçirilməsi üçün zəruri əməkdaşlar, cihaz və avadanlıqlar olmur. Eyni zamanda, idarəetmə sisteminin qurulması, daxili auditin keçirilməsi, rəhbərliyin təhlili, təlimat və prosedurların hazırlanması ilə bağlı da uyğunsuzluqlar aşkarlana bilər.

O vurğulayıb ki, yalnız müvafiq sənədlərin hazırlanması kifayət deyil, əsas məsələ onların praktikada tətbiqidir. Onun sözlərinə görə, bəzi qurumlar standartların tələblərinə uyğun sənədlər hazırlasalar da, həmin prosedurları real fəaliyyətlərində tətbiq etməkdə çətinlik çəkirlər.

Qeyd olunub ki, akkreditasiya attestatı təqdim edildikdən sonra da qurumların fəaliyyətinə nəzarət davam etdirilir. Qanunvericiliyin tələblərinə əsasən, üçillik dövr ərzində iki dəfə illik qiymətləndirmə aparılır.

Bu qiymətləndirmələr zamanı qurumun texniki imkanları, əməkdaşlarının peşə səriştəsi və digər tələblərə uyğunluğu yenidən yoxlanılır. Məsələn, zəruri avadanlığın olmaması, ölçmə vasitələrinin yoxlanılma müddətinin başa çatması və ya ixtisaslı əməkdaşların işdən ayrılması uyğunsuzluq kimi qiymətləndirilə bilər.

Nümayəndə bildirib ki, belə hallarda akkreditasiya attestatının qüvvəsi müvəqqəti dayandırıla və quruma çatışmazlıqları aradan qaldırmaq üçün müəyyən müddət verilə bilər. Həmin müddət ərzində uyğunsuzluqlar aradan qaldırılmadıqda isə attestat ləğv olunur.

Jalə Rövşən

XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər