"OpenAI" “ChatGPT” üçün yeni məhdudiyyətlər tətbiq etdi

İqtisadiyyat

06.11.2025 19:15

Amerikanın "OpenAI" şirkəti süni intellekt məhsullarının istifadəsi ilə bağlı siyasətlərini yeniləyib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında yerləşdirilib.

Yeni qaydalara əsasən, “ChatGPT” artıq istifadəçilərə tibbi və hüquqi məsləhətlər verməyəcək.

Məlumata görə, çatbot fərdi məsləhətlər təqdim edə, konkret vəziyyətlərin hüquqi risklərini qiymətləndirə, məhkəmə müdafiə strategiyası hazırlaya və ya prosessual sənədlər tərtib edə bilməz.

Tibb sahəsində də oxşar məhdudiyyətlər tətbiq edilib. Belə ki, “ChatGPT” diaqnoz qoymaq, dərman resepti yazmaq, rentgen, MRT, CT kimi tibbi təsvirləri şərh etmək və ya dəri zədələrinin fotolarını analiz etmək imkanına malik olmayacaq.

Şirkətin açıqlamasında bildirilir ki, bu cür məlumat tələb edən istifadəçilərə sistem yalnız ümumi xarakterli məlumat verəcək və onları lisenziyalı həkim və ya hüquqşünasla məsləhətləşməyə yönləndirəcək.

Türkan İsgəndərli

TodayPress TV 

tag: OpenAI,ChatGPT,Məhdudiyyət,Süni intellekt,Todaypress.tv,