DİQQƏT! Yeni qərar BU ARTIMIN qarşısını alacaq
İqtisadiyyat
04.02.2026 16:34
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb. Belə ki, uçot dərəcəsi 6,5 faiz, faiz dəhlizinin aşağı həddi 5,5 faiz, faiz dəhlizinin yuxarı həddi isə 7,5 faiz səviyyəsinə endirilib.
İqtisadçı Emin Qəribli bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, uçot dərəcələrinin enməsi ümumilikdə müsbət haldır və bazara vacib mesajlar verir.

Onun sözlərinə görə, Mərkəzi Bank uzun müddət ehtiyatlı mövqe sərgiləyib və bu da tez-tez tənqid olunub:
“Buna səbəb inflyasiya amili, mövcud resursların məhdudluğu və maliyyə bazarlarına təsir imkanlarının məhdud olması idi. Buna baxmayaraq, son dövrlərdə uçot dərəcələrinin ardıcıl şəkildə azaldılması müsbət tendensiyanın formalaşdığını göstərir. Son bir ildə Azərbaycanda bank kreditlərində artım müşahidə olunur. Bu artımın əsas səbəbi kreditlərə olan tələbatın yüksəlməsidir. Tələbat artdıqca kreditlərin həm həcmi, həm də faizləri yüksəlir. Uçot dərəcəsinin azaldılması müəyyən dərəcədə bu artımın qarşısını ala bilər”.
İqtisadçı əlavə edib ki, kredit portfelində artım əsasən istehlak kreditlərinin payına düşür, biznes kreditlərində isə ciddi yüksəliş yoxdur. Bu baxımdan uçot dərəcəsinin endirilməsi istehlak kreditlərinin artım tempinin zəifləməsinə kömək edə bilər:
"Qərar ümumilikdə bazar üçün müsbət mesajdır və kreditlərin gələcəkdə daha əlverişli şərtlərlə təqdim olunması məqsədinin mövcud olduğunu göstərir. Bununla yanaşı, kreditlərin əsasən real iqtisadiyyata yönəldilməsi vacibdir. İstehlak kreditlərinin artmasının həm müsbət, həm də mənfi tərəfləri var. Bu proses iqtisadi aktivliyi artıra bilsə də, eyni zamanda risklər yarada və dolların məzənnəsinə təsir göstərə bilər. Ona görə də bu məsələ diqqətlə təhlil olunmalı, müsbət təsirlərlə yanaşı, mümkün fəsadların qarşısı vaxtında alınmalıdır".
Sonda Emin Qəribli qeyd edib ki, Mərkəzi Bankın artıq kifayət qədər təcrübəsi var və qəbul edilən qərarlar bu təcrübəyə əsaslanır. Ekspertin fikrincə, mövcud vəziyyət göstərir ki, inflyasiya təhlükəli səviyyədə deyil və ya çox aşağıdır.
Türkan İsgəndərli
tag: Emin Qəribli,İqtisadçı,AMB,Uçot dərəcəsi,Todaypress.tv,
