"Xiaomi" yeni "Bluetooth" trekerini təqdim etdi — "AirTag"ə rəqib
İKT
12.02.2026 19:15
"Xiaomi" itirilmiş əşyaların tapılması üçün nəzərdə tutulan "Xiaomi Tag Bluetooth" trekerini satışa çıxarır. Qurğu "Apple AirTag"dən daha ucuz alternativ kimi təqdim olunur.
TodayPress TV xəbər verir ki, bu barədə "WinFuture" nəşri məlumat yayıb.
Bildirilir ki, treker artıq bir sıra Avropa pərakəndə satış şəbəkələrinin kataloqlarında, həmçinin "Xiaomi"nin Fransadakı və Böyük Britaniyadakı rəsmi mağazalarında yer alıb. Fransada cihazın tövsiyə olunan qiyməti bir ədəd üçün 18 avro təşkil edir, bəzi satıcılarda isə qiymət artıq 15 avrodan da aşağıdır. Dörd ədədlik dəstin rəsmi qiyməti 60 avro müəyyənləşdirilib. Müqayisə üçün, "Apple AirTag"in qiyməti 30 avrodan başlayır.
"Xiaomi Tag" 7,2 mm qalınlığında plastik korpusda hazırlanıb və CR2032 tipli batareya ilə işləyir. Batareyanın dəyişdirilmədən təxminən bir il xidmət göstərəcəyi bildirilir. Ticarət platformalarının məlumatına görə, qurğu "Bluetooth 5.4" və NFC texnologiyalarını dəstəkləyir. Təqdim olunan versiyada "UltraWideBand" (UWB) dəstəyi təsdiqlənməyib, baxmayaraq ki, daha əvvəl "HyperOS" kodunda mümkün UWB versiyası ilə bağlı işarələr aşkar edilib. Ehtimal olunur ki, bu modifikasiya sonradan satışa çıxarılacaq.
"Bluetooth" versiyalı treker "Apple Find My" və "Google Find Hub" ekosistemləri ilə işləyə bilir ki, bu da iOS və Android cihazları vasitəsilə itirilmiş əşyaların axtarılmasına imkan yaradır.
Qiymət Mahir
tag: Xiaomi,Apple ,Bluetooth ,CR2032 ,Todaypress.tv,
