“Xiaomi TV S Mini LED 2026” qlobal bazara çıxdı

İKT

15.02.2026 17:53

“Xiaomi” beynəlxalq bazarda “Xiaomi TV S Mini LED 2026” flaqman televizorunu təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə “GizmoChina” məlumat yayıb.

Bildirilib ki, model 55-dən 98 düymədək diaqonala malik “QD-Mini LED” panellərlə təchiz olunur. Bütün versiyalar 4K (3840x2160 piksel) təsvir ölçüsünə və 94 faiz “DCI-P3” rəng məkanını əhatə edən, 1200 nitədək pik parlaqlıq göstəricisinə malikdir.

Televizorlar “HDR10+”, “HLG” formatlarını, “Filmmaker” rejimini və hərəkətlərin hamarlanması üçün “MEMC” texnologiyasını dəstəkləyir.

55, 65 və 75 düymlük modellər 60 Hz yenilənmə tezliyinə malik panellərlə təchiz edilib. 85 və 98 düymlük versiyalar isə oyunçular üçün nəzərdə tutulub və 144 Hz yenilənmə tezliyi, həmçinin “Dolby Vision” dəstəyi təklif edir.

Seriya “Google TV” əməliyyat sistemi ilə işləyir və “Android” tətbiqlərini dəstəkləyir. Daxili audio sistemi hər biri 15 Vt gücündə iki dinamikdən ibarətdir, böyük modellər əlavə olaraq “Dolby Atmos” texnologiyasını dəstəkləyir.

İnterfeyslər baxımından fərqlər mövcuddur. Kiçik versiyalar iki “HDMI 2.0” və bir “HDMI 2.1” portu, eləcə də “Wi-Fi 5” və “Bluetooth 5.0” modulları ilə təchiz olunub. Böyük modellər isə üç “HDMI 2.1” portu, “Wi-Fi 6” və “Bluetooth 5.2” dəstəyi təqdim edir.

2026-cı il seriyasının qiymətləri hələ açıqlanmayıb. Müqayisə üçün qeyd edək ki, əvvəlki nəsil Avropa bazarında 599 avrodan başlayan qiymətlə satışa çıxarılmışdı.

Qiymət Mahir

tag: Xiaomi,“Xiaomi TV S Mini LED 2026,Televizor,Filmmaker,TodayPress TV,