"Xiaomi" humanoid robotu sınaqdan keçirdi

İKT

03.03.2026 19:15

"Xiaomi" elektromobil istehsalı zavodunda humanoid robotun tətbiqinə başladığını elan edib.

TodayPress TV xəbər verir ki, robot tökmə sexində yivli qaykaların quraşdırılması stansiyasında üç saat ərzində avtonom rejimdə uğurla fəaliyyət göstərib.

Şirkətin açıqlamasına əsasən, əməliyyatların icra səviyyəsi 90,2 faiz təşkil edib, istehsal dövrü isə 76 saniyə olub. Robot bərkidici elementləri dəqiq tutmaq, düzgün mövqeləndirmək və detalların inteqrə olunmuş tökməsindən sonra onları avtomatik şəkildə sıxmaq kimi tapşırıqları yerinə yetirib.

Robotun idarə olunması üçün şirkətin özünün hazırladığı “Xiaomi-Robotics-0” adlı VLA modeli istifadə edilib. Modelin 4,7 milyard parametrə malik olduğu və möhkəmləndirici öyrənmə texnologiyası əsasında işlədiyi bildirilib.

Şirkət qeyd edib ki, bu addım avtomobil istehsalında humanoid robotların genişmiqyaslı tətbiqinə doğru ilk mərhələdir və gələcəkdə onların digər yığım sahələrində də istifadəsi planlaşdırılır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Xiaomi,Robot,Humanoid,Sınaq,Todaypress.tv,