“Xiaomi 17 Ultra” “DxOMark” reytinqində 6-cı oldu
İKT
15.02.2026 17:00
“Xiaomi 17 Ultra” smartfonu “DxOMark” laboratoriyasının reytinqinə daxil olaraq kameralı telefonlar arasında altıncı yeri tutub.
TodayPress TV xəbər verir ki, testlərin yekununa əsasən cihaz kamera keyfiyyətinə görə 166 bal toplayıb.
Ekspertlərin qiymətləndirməsinə görə, smartfon ultra-geniş bucaq və telefoto daxil olmaqla bütün fokus məsafələrində balanslı foto çəkilişi nümayiş etdirir. Obyektlərin təbii ekspozisiyası, yüksək detal səviyyəsi, stabil ağ balansı və dəqiq rəng ötürülməsi xüsusi qeyd olunub. Zəif işıqlandırma şəraitində belə səs-küy səviyyəsi nəzarətdə saxlanılır.
Foto imkanlarına görə cihaz 170 bal qazanıb. Əsas kamera 171 bal, “bokeh” rejimi 175 bal, ultra-geniş bucaq 160 bal, zum isə 169 bal toplayıb. Xüsusilə telefoto kameranın işi yüksək qiymətləndirilib – böyük fokus məsafələrində detallı çəkiliş və portretlərdə təbii fon bulanıqlığı təmin edilir.
Video çəkiliş üzrə nəticələr daha aşağı olub – ümumi göstərici 157 bal təşkil edib. Əsas kamera 164 bal toplasa da, ultra-geniş və telefoto modulları müvafiq olaraq 144 və 132 bal əldə edib. Zəif işıqda video çəkiliş zamanı cihaz öz sinfinin lider modellərindən geri qalır, həmçinin zum səviyyələri arasında keçidlər nəzərə çarpır.
Bildirilib ki, qrup şəkillərində ön plandakı obyektlər bəzən bir qədər bulanıq görünə bilər. Bununla belə, fotolarda detal və səs-küy arasında balans yüksək səviyyədə saxlanılır.
“DxOMark” reytinqində cihaz liderlər – “Huawei Pura 80 Ultra” və “iPhone 17 Pro”dan geri qalıb, lakin “Magic 8 Pro”, “Pixel 10 Pro XL” və “iPhone 16 Pro Max” kimi flaqman modelləri qabaqlayıb.
Qiymət Mahir
tag: DxOMark,Huawei ,iPhone ,Xiaomi ,TodayPress TV,
