“WhatsApp” Rusiyada bloklanır: Azərbaycanlıların ünsiyyəti necə olacaq?

İKT

25.12.2025 16:20

“WhatsApp” messencerinin Rusiyada mövcud qanunvericilik tələblərinə görə bloklanması ehtimalı yenidən gündəmə gəlib. Bu isə xüsusilə Rusiyada yaşayan azərbaycanlıların Azərbaycandakı qohum və yaxınları ilə ünsiyyət imkanlarının necə təmin olunacağı sualını aktuallaşdırır.

Mövzu ilə bağlı informasiya texnologiyaları üzrə ekspert Natiq Məmişov TodayPress TV-yə bildirib ki, texniki baxımdan “WhatsApp”ın Rusiyada tam bloklanması mümkündür. 


Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri messencerin “Meta” şirkətinə məxsus olmasıdır.

""WhatsApp" müstəqil platforma deyil, "Meta"ya məxsusdur. "Meta" isə Rusiyada ekstremist təşkilat kimi tanınır. Digər tərəfdən, "WhatsApp"da "end-to-end encryption", yəni uc-uca şifrələmə mövcuddur ki, bu da Rusiya qanunvericiliyinin məlumatlara çıxış tələbləri ilə ziddiyyət təşkil edir".

Ekspert xatırladıb ki, Rusiya bundan əvvəl də bir sıra beynəlxalq platformalara qarşı oxşar addımlar atıb:

""Telegram", "LinkedIn", "Facebook" və "Instagram" kimi platformalarla bağlı bloklama cəhdləri artıq təcrübədən keçirilib. "WhatsApp"ın mümkün bloklanması yalnız Azərbaycanla əlaqələr məsələsi deyil, milyonlarla insanın gündəlik ünsiyyətinə təsir göstərə biləcək bir qərardır. Bu, təkcə azərbaycanlıların yaxınları ilə danışması məsələsi deyil. "WhatsApp" milyonlarla insan üçün əsas ünsiyyət vasitəsidir. Tam bloklama ciddi ictimai narazılıq yarada bilər. Amma Rusiyanın təcrübəsində belə hallarda alternativ yol da olur".

Mütəxəssis vurğulayıb ki, yekunda məsələ siyasi iradədən asılıdır. Belə bir qərarın qəbul olunması mümkün olsa da, bu, riskli addım hesab olunur. O bildirib ki, “WhatsApp” bağlanacağı təqdirdə istifadəçilər alternativ vasitələrə yönələ bilərlər:

""Telegram" var, hazırda bir çox istifadəçi onu "VPN" vasitəsilə işlədir. "Viber", "Signal" kimi digər messencerlər də mövcuddur, amma onların da gələcəyi risk altındadır. Klassik mobil zənglərdən istifadə etmək olar, lakin bu üsul baha başa gəlir", - deyə Natiq Məmişov qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Natiq Məmişov,Ekspert,WhatsApp,Rusiya,Todaypress.tv,