“SpaceX” şirkəti tarixin ən böyük birjasına hazırlaşır
Dünyanın ən zəngin adamlarından biri olan İlon Maskın sahibi olduğu “SpaceX” şirkəti birjaya (IPO) çıxmağa hazırlaşır.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Şirkət ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) ilkin sənədlərini təqdim edib və bu addım tarixin ən böyük IPO-su ola biləcək prosesin başlanğıcı kimi qiymətləndirilir.
Bildirilir ki, “SpaceX” Nasdaq birjasında SPCX tikeri ilə listinqə çıxmağı planlaşdırır. Ekspertlərin qiymətləndirməsinə əsasən, şirkətin bazar dəyəri IPO zamanı 1,75 trilyon dollara, bəzi hesablamalara görə isə daha yüksək səviyyəyə çata bilər. Gözlənilən vəsait cəlbi 75 milyard dollara qədər qiymətləndirilir ki, bu da indiyədək rekord sayılan “Saudi Aramco”nun IPO göstəricisini xeyli üstələyə bilər.
“SpaceX”in yüksək qiymətləndirilməsi əsasən “Starlink” peyk internet şəbəkəsinin sürətli inkişafı, “Starship” proqramı və şirkətin süni intellekt layihələri ilə bağlı perspektivlərlə əlaqələndirilir. Şirkət artıq IPO sənədlərində maliyyə göstəricilərini və gələcək inkişaf planlarını açıqlayıb.
Türkan İsgəndərli