Qanun layihələri süni intellektlə hazırlanacaq? - Deputat AÇIQLADI
İKT
15.01.2026 17:06
Estoniyada deputatların qanun layihələrini hazırlaması və nəzərdən keçirməsi prosesində süni intellektdən istifadənin mümkünlüyü gündəmə gəlib.
TodayPress TV xəbər verir ki, süni intellekt hüquqi mətnlərdə yaranan məntiqsiz, ziddiyyətli və texniki səhvləri aşkar edərək qanunvericilik prosesinin daha səmərəli aparılmasına kömək edə bilər.
Bəs bu təcrübə ölkəmizdə də tətbiq edilə bilər?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, süni intellekt istənilən halda intellektual fəaliyyətimizin bir hissəsinə çevrilir.
![]()
Bu isə hüquqi müstəvidə də öz-özlüyündə yeni tətbiq sahələri yarada bilər:
"Süni intellekt təsir dairəsində olan informasiya ehtiyatlarını və resurslarını səfərbər edərək onları ümumiləşdirir. Bu mənada, ola bilsin ki, ingilisdilli süni məkanda hüquq və hüquqyaratma sahəsində belə imkanlar artıq təmin olunub. Amma azərbaycandilli məkanda bu sahə hələlik geniş əhatəli və dərin hüquqi mətnlərlə kifayət qədər zəngin deyil".
Deputat əlavə edib ki, Azərbaycanın hüquq sistemi özünəməxsus xüsusiyyətlərə malikdir və bu amil süni intellektin tətbiqində xüsusi yanaşma tələb edir:
"Biz hüquq sistemlərini müqayisə edərkən Anqlo-Sakson, Roman-German hüququndan danışırıq. ABŞ-nin isə ayrıca hüquq sistemi mövcuddur. Bu sistemlərin bizim qanunvericilik prosesinə cəlb olunması mümkündür, lakin bu, xüsusi bilik və yanaşma tələb edən məsələdir".
Parlamentari vurğulayıb ki, məhz bu səbəbdən süni intellektin fəaliyyətinə insan idrakının mütləq şəkildə nəzarət etməsi vacibdir:
"Düşünürəm ki, bu, əlbəttə, çox faydalı bir təcrübə yarada bilər, amma reallıqlar mütləq nəzərə alınmalıdır. Buna görə də süni intellektin üzərində insan idrakı olmalıdır ki, onu milli qanunvericiliklə əlaqələndirə və ya uyğunlaşdıra bilsin. Şübhəsiz ki, bu, mütərəqqi bir yoldur və yeni yanaşmalar üçün yeni imkanlar açır".
Türkan İsgəndərli
tag: Hikmət Babaoğlu,Deputat,Süni intellekt,Qanun layihələri,Todaypress.tv,
