Pentaqon süni intellekt layihəsinə 46 milyard dollar istəyir
İKT
07.05.2026 19:45
ABŞ Müdafiə Nazirliyi vahid süni intellekt infrastrukturu yaratmaq üçün rekord həcmdə maliyyə tələb edib.
TodayPress TV "RİA"ya istinadən xəbər verir ki, Pentaqon 2027-ci maliyyə ili üçün bu məqsədlə 46 milyard dollar ayrılmasını istəyir.
Məlumata görə, hazırda ABŞ ordusunun süni intellekt imkanları müxtəlif qurumlarda parçalanmış vəziyyətdə fəaliyyət göstərir.
Pentaqon bu sistemləri tam dövlət nəzarətində olan vahid məxfi platformada birləşdirməyi planlaşdırır.
Bildirilir ki, vəsaitin ən böyük hissəsi — 29,5 milyard dollar superkompüterlər və süni intellekt üçün xüsusi hesablama çiplərinin alınmasına sərf olunacaq.
Daha 12,3 milyard dollar məlumat mərkəzlərinin tikintisi və modernləşdirilməsinə yönəldiləcək. Buraya soyutma sistemləri, enerji təminatı və məxfi məlumatlarla işləmək üçün qorunan məkanlar daxildir.
Qalan vəsait isə modul tipli data mərkəzləri, kabel infrastrukturu, kriptoqrafik avadanlıqlar və hərbi əməliyyatlarda süni intellektin tətbiqi layihələrinə ayrılacaq.
Qeyd olunur ki, ABŞ Müdafiə Nazirliyi may ayında bir sıra iri texnologiya şirkətləri ilə süni intellektin hərbi sahədə istifadəsinə dair müqavilələr də imzalayıb.
Qiymət Mahir
tag: ABŞ ,Müdafiə Nazirliyi ,Pentaqon ,Süni intellekt,TodayPress TV,
