“.az” domeni olanların nəzərinə: Saytınıza xitam verilə bilər!
Azərbaycanda “.az” domen zonasında fəaliyyət göstərən internet resurslarının sahibləri Milli CERT-in kibertəhlükəsizliklə bağlı göstərişlərini yerinə yetirmədikdə onların domen qeydiyyatına xitam verilə və ya texniki xidməti dayandırıla bilər.
TodayPress TV anews.az-a istinadən xəbər verir ki, bu müddəa Milli Məclisin İnsan hüquqları komitəsinin çərşənbə axşamı keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, informasiya infrastrukturu subyektləri kibertəhlükəsizliyi təmin etmək məqsədilə informasiya sistemlərində zəifliklərin, boşluqların və digər uyğunsuzluqların aşkar olunması üçün risk qiymətləndirmələri aparmalı, təhlükəsizlik auditləri keçirməli və aşkar edilən problemlərin aradan qaldırılması üçün tədbirlər görməlidirlər.
Sənədə görə, informasiya infrastrukturu subyektlərinin müraciəti əsasında kibertəhlükəsizlik və proaktiv kibertəhlükəsizlik tədqiqatları üzrə xidmətlər Milli CERT tərəfindən ödənişli əsaslarla göstəriləcək. Xidmət haqqı tərəflər arasında bağlanacaq müqavilə əsasında müəyyən ediləcək.
Qanun layihəsində qeyd olunur ki, “gov.az” domenləri istisna olmaqla, “.az” ölkə kodlu yüksək səviyyəli domen zonasında yerləşən internet informasiya ehtiyatlarının sahibləri Milli CERT-in kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı göstərişlərini icra etmədikdə, bu, domen qeydiyyatının ləğvi və ya texniki xidmətin dayandırılması üçün əsas hesab olunacaq.
Bu halda Milli CERT domen qeydiyyatını həyata keçirən qurumdan domenin qeydiyyatına xitam verilməsini və ya ona texniki xidmətin dayandırılmasını tələb edə biləcək. Zəruri hallarda bu tələb məhkəmə qaydasında da irəli sürülə bilər.
Maliyyə bazarlarında fəaliyyətinə nəzarət olunan subyektlərə münasibətdə isə Milli CERT müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Mərkəzi Bankına müraciət edə biləcək.