"Microsoft" "Microslop" sözünü filtrlədi
İKT
03.03.2026 19:00
"Microsoft" rəsmi "Microsoft Copilot Discord" serverində “Microslop” termini üçün filtr tətbiq edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Windows Latest" nəşri məlumat yayıb.
Təxminən 45 min üzvü olan "Discord" icmasında qadağadan sonra bəzi istifadəçilər məhdudiyyətləri aşma yollarını yoxlamaq üçün kütləvi şəkildə serverə qoşulmağa başlayıblar. Bu isə spamın artmasına səbəb olub. Nəticədə şirkət serveri müvəqqəti olaraq bağlayaraq qoşulmanı əlçatmaz edib.
"Microsoft" nümayəndəsi "Windows Latest"ə bildirib ki, giriş spam səbəbindən məhdudlaşdırılıb. Onun sözlərinə görə, “Microslop” kimi terminlər üçün tətbiq edilən filtr müvəqqətidir və şirkət icmanı qorumaq üçün daha sərt tədbirlər hazırlayana qədər qüvvədə qalacaq.
Qeyd edək ki, "Copilot" "Microsoft"un süni intellekt əsaslı çatbotudur və şirkət onu öz məhsullarına fəal şəkildə inteqrasiya edir. “Microslop” ifadəsi isə internetdə şirkəti və onun süni intellekt həllərini tənqid etmək məqsədilə istifadə olunur. “Slop” sözü jarqonda keyfiyyətsiz və faydasız süni intellekt məzmununu ifadə edir.
Türkan İsgəndərli
tag: Microsoft,Copilot,Discord,Filtr,Todaypress.tv,
