"iPod Classic"i xatırladan media pleyer təqdim edildi
İKT
24.12.2025 19:00
Audio avadanlıqları istehsalçısı "Innioasis" "iPod Classic"i xatırladan dizayna malik Y1 portativ media pleyerini elan edib.
TodayPress TV xəbər verir ki, bu barədə "TechRadar" məlumat yayıb.
Yeni cihaz klassik görünüşü qorusa da, müasir texnologiyalarla təchiz olunub və qapalı proqram ekosisteminə bağlı deyil.
"Innioasis Y1" 360×480 piksel qətnaməli 2,4 düymlük ekrana sahibdir. Ekranın altında isə "iPod"un məşhur "Click Wheel" idarəetmə sistemini xatırladan dairəvi sensor panel yerləşir.
Pleyer AAC, FLAC və APE daxil olmaqla 21 audio formatı, həmçinin altı video formatını dəstəkləyir. Cihaz "USB-C" portu vasitəsilə şarj olunur, simli qulaqlıqlar üçün çıxışa və "Bluetooth 4.2" simsiz bağlantısına malikdir. Daxili ekvalayzer səsin fərdi tənzimlənməsinə imkan verir.
İstehsalçının açıqlamasına görə, 1250 mAh batareya ilə Y1 bir şarjla 35 saata qədər musiqi dinləmə və ya 8 saata qədər video izləmə imkanı yaradır.
Cihaz 128 GB daxili yaddaşla təchiz olunub və firuzəyi, sarı, boz, narıncı və gümüş olmaqla beş rəng variantında satışa çıxarılacaq. ABŞ bazarında "Innioasis Y1"in qiyməti 109 dollar olaraq müəyyən edilib.
Türkan İsgəndərli
tag: Audio,Media,iPod,Cihaz,Todaypress.tv,
