"Instants" adlı foto paylaşım tətbiqi hazırlanır
İKT
24.04.2026 19:15
"Meta" "Instagram"a bağlı yeni “Instants” adlı foto paylaşım tətbiqini sınaqdan keçirməyə başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "TechCrunch" məlumat yayıb.
Xidmət hazırda İspaniya və İtaliyada bəzi istifadəçilər üçün əlçatandır.
Yeni tətbiq istifadəçilərə yalnız bir dəfə baxıla bilən və 24 saat ərzində aktiv qalan fotolar paylaşmaq imkanı verir. Şəkillər yalnız daxili kamera ilə çəkilir və redaktə və ya qalereyadan yükləmə funksiyası yoxdur. İstifadəçilər fotolara qısa mətn də əlavə edə bilirlər.
Meta bu tətbiqi daha “sürətli və kortəbii” paylaşım üçün nəzərdə tutub. Şirkətin məqsədi əsas Instagram tətbiqindən fərqli olaraq daha real və anlıq ünsiyyət mühiti yaratmaqdır.
“Instants” funksional baxımdan "Snapchat", "BeReal" və "Locket" kimi yoxa çıxan məzmunlu platformalara bənzəyir. Əvvəllər Instagram daxilində sınaqdan keçirilən funksiya indi ayrıca "iOS" və "Android" tətbiqi kimi təqdim olunur.
İstifadəçilər paylaşımları həm bütün izləyiciləri ilə, həm də “Yaxın dostlar” siyahısı ilə paylaşa bilirlər. Layihənin hazırda eksperimental mərhələdə olduğu və gələcəkdə hansı funksiyaların qalacağı test nəticələrinə əsasən müəyyən ediləcəyi bildirilir.
Türkan İsgəndərli
tag: Meta,Instagram,İnstans,Foto,Todaypress.tv,
