“Google Pixel 10 Pro”da flaş problemi: İstifadəçilər narazıdır
İKT
31.03.2026 19:45
“Google Pixel 10 Pro” smartfonunun istifadəçiləri LED-flaşla bağlı problemlərdən kütləvi şəkildə şikayət edir.
TodayPress TV xəbər verir ki, bu barədə “MT.Today” nəşri “Reddit” platformasındakı paylaşımlara istinadən məlumat yayıb.
Məlumata görə, nasazlıq müxtəlif formalarda özünü göstərir:
— flaşın qoruyucu şüşəsinin əriməsi
— LED-in qaralması
— elementlərin çatlaması
Son belə halların mart ayının sonunda qeydə alındığı bildirilib.
Qeyd olunur ki, şikayətlərin əksəriyyəti məhz “Google Pixel 10 Pro” modelinə aiddir ki, bu da mümkün istehsal qüsuruna işarə edə bilər.
Ekspertlər bildirir ki, smartfonlardakı LED-flaşlar ümumilikdə uzunmüddətli istifadə zamanı, xüsusilə fənər rejimində qızmağa meyllidir.
Həddindən artıq qızma cihazın təsadüfən cibdə aktiv qalması və ya saatlarla sönmədən işləməsi hallarında daha da güclənə bilər.
Qeyd edək ki, məsələ ilə bağlı “Google” şirkəti hələlik rəsmi açıqlama verməyib.
Qiymət Mahir
tag: Google ,LED,Pixel ,Şirkət,İKT,TodayPress TV,
