"Google Chrome"da bəzi funksiyalar ödəniş tələb edir
İKT
30.12.2025 19:00
“Google” şirkəti "Chrome" brauzerində genişləndirilmiş süni intellekt (AI) funksiyalarına çıxış üçün pullu abunə sistemi tətbiq edə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “XDA Developers” nəşri məlumat yayıb və "Chromium" repozitoriyasında “Leopeva64” ləqəbli istifadəçi tərəfindən aşkarlanan kodlara istinad edib.
Məlumata görə, istifadəçi “Gate actuation access by AI subscription tier” adlı kommit aşkar edib. Həmin kommit AI-nin istifadəçi adından hərəkət etmə qabiliyyətinə malik olan “aktuasiya” funksiyalarına girişin ödənişli abunə səviyyələri ilə məhdudlaşdırılmasını nəzərdə tutur.
Hazırda "Chrome"da AI-nin hansı konkret hərəkətləri yerinə yetirə biləcəyi dəqiq bilinmir. Bununla belə, tətbiq olunacaq monetizasiya modelinin müvəqqəti ola biləcəyi istisna edilmir. Belə ki, əvvəllər “Gemini Nano” funksiyasına giriş yalnız “AI Pro” və “AI Ultra” abunəçiləri üçün mümkün idi, lakin sonradan bu imkan hamı üçün açıq elan edildi. Bu isə “Google”un yeni funksiyaları əvvəlcə ödənişli təqdim edib, daha sonra pulsuz etmə strategiyasına işarə edir.
Qeyd edək ki, 2025-ci ildə süni intellektin brauzerlərə inteqrasiyası əsas trendlərdən birinə çevrilib. “Chrome”, “Firefox” və “Microsoft Edge” ağıllı köməkçiləri fəal şəkildə tətbiq etsələr də, yanaşmalar fərqlidir.
Hazırda “Chrome” brauzerində “Gemini” vasitəsilə şəkillər üzrə əks axtarış və ünvan sətrində ayrıca “AI rejimi” mövcuddur.
Aysel Mətləb
tag: Google,Chrome,AI,Gemini,Todaypress.tv,
