DDR5 bazarında Çin modulları bahalaşdı

İKT

23.02.2026 09:00

Qlobal yaddaş çipi çatışmazlığı fonunda Çin istehsalı olan DDR5 modullarının qiymətləri artıb və əvvəlki üstünlük demək olar ki, aradan qalxıb.

TodayPress TV xəbər verir ki, bu barədə “WCCFTech” portalı məlumat yayıb.

Bildirilir ki, CXMT şirkətinin çipləri əsasında istehsal olunan "KingBank" brendinin DDR5 modulları əvvəllər aparıcı qlobal istehsalçıların məhsulları ilə müqayisədə daha ucuz təklif olunurdu. Lakin "JD.com" platformasında yerləşdirilən son məlumatlara əsasən, qiymətlər faktiki olaraq bərabərləşib, hətta bəzi hallarda Çin operativ yaddaşları daha baha satılır.

Belə ki, "KingBank"in 32 GB həcmində DDR5 dəsti 3629 yuan (təxminən 530 ABŞ dolları) qiymətləndirilir, 64 GB həcmində DDR5-6000 dəstləri isə 1000 dollardan yuxarı təklif olunur.

Eyni zamanda ABŞ-nin Newegg pərakəndə şəbəkəsində oxşar xüsusiyyətlərə malik 32 GB DDR5 dəstləri daha populyar istehsalçılardan 440 dollara satılır.

Beləliklə, Çin istehsalçılarının qiymət üstünlüyü demək olar ki, itirilib və onların məhsulları "Samsung", "SK hynix" və "Micron" çipləri əsasında hazırlanan həllərlə eyni qiymət səviyyəsinə çatıb.

Ekspertlərin fikrincə, yaddaş bazarındakı böhran azı bir il davam edəcək, ən pis ssenaridə isə 10 ilə qədər uzana bilər.

Qiymət Mahir

tag: Çin ,DDR5 ,CXMT ,KingBank,TodayPress TV,