Çin süni intellekti insan beyninə uyğunlaşdıracaq

İKT

30.12.2025 18:45

Çin Kiberməkan Administrasiyası insanabənzər davranışlar nümayiş etdirən süni intellekt xidmətlərini tənzimləmək üçün yeni qaydaların layihəsini təqdim edib. Təşəbbüsün məqsədi çatbotların istifadəçilərə mənfi emosional təsir göstərməsinin qarşısını almaqdır.

TodayPress TV xəbər verir ki, bu barədə "CNBC" məlumat yayıb.

Layihəyə əsasən, qaydalar mətn, şəkil, səs və ya video vasitəsilə insan şəxsiyyətini təqlid edən və emosional ünsiyyət quran süni intellekt məhsullarına şamil olunacaq. Ekspertlərin fikrincə, bu, dünyada insanabənzər süni intellektin tənzimlənməsi istiqamətində ilk ciddi addımdır. Sənədlə bağlı ictimai müzakirə 25 yanvar tarixinə qədər davam edəcək.

Qaydalara görə, çatbotların istifadəçilərə psixoloji zərər verə biləcək məzmun yaratması, emosional manipulyasiya və şifahi zorakılıq qadağan edilir. İstifadəçi riskli davranış niyyətini açıq şəkildə bildirdikdə, xidmət söhbəti canlı operatora yönləndirməli və etibarlı şəxslə əlaqə saxlamalıdır.

Sənəddə azyaşlıların müdafiəsinə xüsusi diqqət ayrılıb. Uşaqların süni intellekt yoldaşlarından istifadə etməsi üçün valideyn razılığı tələb olunacaq, ünsiyyət müddəti məhdudlaşdırılacaq və uzunmüddətli istifadədən sonra fasilə xatırlatmaları ediləcək.

Bundan əlavə, böyük istifadəçi bazasına malik çatbotlar məcburi dövlət təhlükəsizlik yoxlamasından keçməlidirlər. Eyni zamanda, Çin hakimiyyəti mədəniyyətin yayılması və yaşlılara yardım kimi sosial sahələrdə insanabənzər süni intellektin məsuliyyətli istifadəsini təşviq etdiyini də bildirir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Çin,Chatgpt,Emosional,Süni intellekt,Todaypress.tv,