"ChatGPT" yaxın illərdə maliyyə çətinliyi ilə üzləşə bilər
İKT
20.01.2026 14:50
Analitiklər süni intellekt əsaslı “ChatGPT” çat-botunun yaradıcısı olan “OpenAI” şirkətinin 2027-ci ilin ortalarına qədər gəlirlərini əhəmiyyətli dərəcədə artıra və ya yeni investisiyalar cəlb edə bilməyəcəyi təqdirdə, müflis olma riski ilə üzləşə biləcəyini proqnozlaşdırırlar.
TodayPress TV xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Bildirilib ki, 2025-ci ildə şirkətin xərcləri təxminən 8 milyard dollar təşkil edib və 2028-ci ilə qədər bu rəqəmin 40 milyard dollara yüksələcəyi gözlənilir. Lakin, “OpenAI” hələ də işlək və sabit biznes modelinə malik deyil. Güman edilir ki, şirkət yalnız 2030-cu ildə mənfəətlə işləməyə başlaya bilər.
Məlumata görə, “OpenAI”nin əsas problemlərindən biri istifadəçilərin böyük hissəsinin çat-botların pulsuz versiyalarından yararlanmasıdır. Bu səbəbdən onların ödəniş etməyə başlamaqdansa, daha tez rəqib platformalara keçəcəkləri ehtimal olunur.
Qeyd olunub ki, “Google”, “Meta” və “Microsoft” kimi iri texnologiya şirkətləri süni intellekt layihələrini maliyyələşdirməyə imkan verən digər sabit gəlir mənbələrinə malikdirlər. “OpenAI” isə bu cür maliyyə ehtiyatlarına sahib deyil.
Aysel Mətləb
tag: ChatGPT,OpenAI,Meta,Google,Todaypress.tv,
