"ChatGPT" yaşı təxmin edən yeni sistemi işə saldı

İKT

21.01.2026 19:30

"OpenAI" şirkəti "ChatGPT"də istifadəçi yaşını proqnozlaşdıran yeni alətin istifadəyə verildiyini elan edib.

TodayPress TV xəbər verir ki, sistem hesabın yetkinlik yaşına çatmayan şəxsə məxsus olduğunu müəyyən edərsə, həssas mövzuların müzakirəsinə avtomatik məhdudiyyətlər tətbiq olunacaq.

Yeni model istifadəçinin təxmini yaşını davranış siqnalları əsasında müəyyən edir. Bu siqnallara hesabın mövcudluq müddəti, fəaliyyət vərdişləri və istifadəçinin günün hansı saatlarında daha aktiv olması daxildir.

Əgər istifadəçi 18 yaşdan kiçik kimi qiymətləndirilərsə, "ChatGPT" zorakılıq və qanlı səhnələr, riskli davranışlar, cinsi və aqressiv rol oyunları, özünə zərər, eləcə də həddindən artıq görünüş standartları və sağlam olmayan pəhrizlərlə bağlı mövzuları məhdudlaşdıracaq.

Sistem tərəfindən səhvən yetkinlik yaşına çatmayan kimi tanınan istifadəçilər "Persona" şəxsiyyət təsdiqləmə xidməti vasitəsilə selfi yükləyərək yaşlarını təsdiqləyə biləcəklər.

"OpenAI" bildirib ki, alətin tətbiqi yaxından izlənəcək və əldə olunan məlumatlar sistemin daha da təkmilləşdirilməsi üçün istifadə olunacaq.

Türkan İsgəndərli

TodayPress TV

tag: OpenAI,ChatGPT,Yaş,Alət,Todaypress.tv,