ChatGPT daha sürətli və dəqiq oldu
İKT
12.12.2025 19:30
OpenAI yeni nəsil GPT-5.2 dil modelini təqdim etdiyini açıqlayıb.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, yenilənmə Google-un Gemini 3 Pro modelinin uğurundan sonra rəqabətin kəskinləşdiyi bir vaxtda baş tutub.
Şirkətin məlumatına görə, GPT-5.2 məlumat axtarışı və təhlili, maşın tərcüməsi, cədvəllərlə və təqdimatlarla işləmə, kod generasiyası, təsvirlərin emalı və uzun mətn kontekstinin idarəsi kimi sahələrdə daha yüksək performans göstərir. Model mürəkkəb çoxmərhələli tapşırıqları əvvəlkindən daha stabil icra edir.
GDPval testlərinin nəticələrinə əsasən, GPT-5.2 “bilik işi”nin 44 sahəsinin 70,9%-ində insan mütəxəssislərinin səviyyəsinə çatır və ya onları üstələyir. Bu göstərici əvvəlki versiya GPT-5.1-də 38,8% idi. Proqramlaşdırma bacarıqlarında da təxminən 5%-lik irəliləyiş qeydə alınıb.
Yeni model — Ani, Düşüncəli və Pro versiyaları — artıq ChatGPT ödənişli istifadəçiləri və API vasitəsilə əlçatandır.
Media məlumatlarına görə, OpenAI rəhbəri Sam Altman son günlər şirkətdə “Kod Qırmızı” rejimi elan edib və işçilərin əksəriyyətini ChatGPT-nin inkişafına yönəldib. Bu addım Google-un Gemini 3 Pro-nun GPT-5.1-dən üstün nəticələr göstərməsindən sonra atılıb.
Qeyd edək ki, ABŞ polisi son zamanlar ənənəvi fotofitlər əvəzinə ChatGPT vasitəsilə generasiya edilən şəkillərdən də istifadə etməyə başlayıb.
Jalə Rövşən
tag: OpenAI,ChatGPT,ABŞ,GPT-5.2,Todaypress.tv,
