Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı
ABŞ-nin aerokosmik şirkəti "Blue Origin"in üzərində minlərlə mühəndis və mütəxəssisin çalışdığı "New Glenn" orbital raketi iki gün əvvəl uçuş platformasında aparılan sınaq zamanı partlayıb.
TodayPress TV xəbər verir ki, layihədə çalışan azərbaycanlı mühəndis Ayaz Bayramov hadisənin uçuş zamanı deyil, planlaşdırılmış sınaq prosesində baş verdiyini vurğulayıb.

"Bu partlayış sınaq vaxtı baş verib. Sınaqlar çox ciddi tənzimləmələrə tabe tutulur, ətrafda insan olmur. Xoşbəxtlikdən, heç kimə zərər dəyməyib, xəsarət almayıb".
Onun sözlərinə görə, belə hadisələrdən sonra uçuş platformasının yenidən istifadəyə hazırlanması müəyyən vaxt tələb edir.
"Uçuş platformalarını yenidən tikmək vaxt tələb edir. Orada çoxlu xüsusi istehsal olunmuş alətlər və mexanizmlər olur. Yenidən uçmağımız üçün platformada müəyyən işlər görülməlidir".
Ayaz Bayramov raket mühəndisliyinin yüksək mürəkkəblik tələb edən sahə olduğunu və bu cür hadisələrin arzuolunmaz olsa da, bəzən qaçılmaz sayıldığını bildirib.
"Raket mühəndisliyi sənayesi çox kompleks bir sahədir. Belə hadisələr nə qədər arzuolunmaz olsa da, bəzən qaçılmazdır. Bizə düşən bu kimi hadisələrdən öyrənmək, səhvlərimiz varsa düzəltmək və yola daha sürətlə davam etməkdir", – deyə o əlavə edib.
Türkan İsgəndərli