Azərbaycanda saytları necə qorumaq lazımdır? - Ekspert AÇIQLADI
İKT
19.11.2025 16:16
Dünyanın bir çox internet xidməti və veb-saytlarında genişmiqyaslı nasazlıqlar qeydə alınıb. Problemlərin əsas səbəbi kontent çatdırılma şəbəkəsi üzrə ən böyük xidmət təminatçılarından biri olan "Cloudflare"in çökməsi olub. Hadisə Azərbaycanın da bir sıra veb-resurslarına girişdə ləngimələr və fasilələrlə müşahidə edilib.
Bəs belə kütləvi çöküşlərin təsirini minimuma endirmək üçün nə etmək olar?
Mövzu ilə bağlı informasiya texnologiyaları üzrə ekspert Natiq Məmişov TodayPress TV-yə danışıb.

O bildirib ki, bu kimi hallar ümumi qlobal problem kimi görünməsə də, hər bir platforma öz infrastrukturunu qəfil yüklənmədən qorumaq üçün mütləq əlavə müdafiə mexanizmləri qurmalıdır:
"Çökmə çox vaxt birdən-birə gələn böyük trafikdən baş verir. Sistem dərhal yüklənmədən qorunmalıdır. Bunun üçün platforma "rate limiting", yəni bir istifadəçiyə saniyədə sorğu limitinin qoyulması, "load balancer" vasitəsilə yükün bir neçə serverə bölünməsi və "CDN"in aktivləşdirilməsi kimi üsulları tətbiq etməlidir".
Ekspertin sözlərinə görə, problemlərin böyük hissəsi server və verilənlər bazasının düzgün analiz olunmaması ilə bağlıdır:
"Serverlərin performansı, bazanın cavab müddəti, trafik pikləri və mümkün DDoS hücumları daim izlənməlidir. Dəqiq səbəbi tapmaq üçün bu göstəricilər mütəmadi analiz edilməlidir”.
Natiq Məmişov vurğulayıb ki, professional infrastrukturda hər zaman ehtiyat mexanizmi mövcud olmalıdır:
"Arxa planda ehtiyat sistem, yəni "backup" plan olmalıdır. Peşəkar sistemlərdə "failover" mexanizmi işə düşür. Əsas server çökəndə avtomatik olaraq ehtiyat server işə başlayır. Əgər ehtiyat sistem yoxdursa, bu artıq ən böyük problemdir".
Türkan İsgəndərli
tag: Natiq Məmişov,Ekspert,Azərbaycan,Sayt,Todaypress.tv,
