"Apple"ın ilk qatlana bilən smartfonu gəlir

"Apple"ın ilk qatlana bilən smartfonu gəlir
11.07.2026 15:53 İKT

"Apple" şirkətinin qatlana bilən ilk smartfonunun batareyası ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

TodayPress TV xəbər verir ki, 9to5Mac nəşri insayder "Digital Chat Station"a istinadən cihazın ümumi batareya tutumunun 4883 mA/saat olacağını yazıb.

Məlumata görə, "Apple"ın batareya tədarükçüsü 1921 və 2962 mA/saat tutumlu iki batareyanı qeydiyyatdan keçirib. Bildirilir ki, bu batareyalar qatlana bilən "iPhone"da istifadə olunacaq ikihissəli enerji sistemini təşkil edəcək.

Nəşr qeyd edir ki, oxşar texnologiya artıq digər istehsalçıların qatlana bilən smartfonlarında da tətbiq olunur. Müqayisə üçün, Samsung Galaxy Z Fold7 modeli 4400 mA/saat, Google Pixel 10 Pro Fold isə 5015 mA/saat batareya ilə təchiz edilib.

Məlumata əsasən, iPhone 18 Pro modelinin eSIM versiyası 4288 mA/saat, fiziki SIM kartlı versiyası isə 4056 mA/saat batareya ilə təchiz oluna bilər. iPhone 18 Pro Max üçün isə müvafiq olaraq 5567 və 5391 mA/saat tutumlu batareyalar gözlənilir.

Bununla yanaşı, 9to5Mac vurğulayır ki, batareyanın tutumu cihazın işləmə müddətini müəyyən edən yeganə amil deyil. Qatlana bilən iPhone-un yekun texniki xüsusiyyətləri yalnız rəsmi təqdimatdan sonra məlum olacaq. Təqdimatın sentyabr ayında keçiriləcəyi gözlənilir.

Qiymət Mahir

XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər