"Apple" "iOS 26"dakı “Liquid Glass” dizaynından imtina etməyəcək

İKT

16.03.2026 02:12

"Apple" şirkəti "iOS 26"da təqdim olunan “Liquid Glass” dizayn konsepsiyasını tənqidlərə baxmayaraq dəyişməyi planlaşdırmır.

TodayPress TV xəbər verir ki, "Bloomberg" mənbələrə istinadən bildirir ki, şirkət bu dizaynı inkişaf etdirməyə və onu ekosistemin digər məhsullarına da tətbiq etməyə davam edəcək.

Məlumata görə, "Liquid Glass" interfeysi "Apple" dizaynerlərinin uzun illər davam edən işinin nəticəsidir. Konsepsiyanın əsas prinsipləri "Apple Vision Pro" üçün hazırlanmış visionOS sisteminin yaradılması zamanı formalaşıb.

Ekspertlərin fikrincə, layihənin miqyası böyük olduğundan "Apple"ın yaxın zamanda bu dizayndan imtina etməsi ehtimalı azdır. Hətta belə qərar verilsə belə, dizaynın köklü dəyişdirilməsi bir neçə il çəkə bilər.

Bununla yanaşı, mütəxəssislər hazırkı versiyanın ideal olmadığını da qeyd edirlər. Əsas tənqidlər oxunaqlılıq problemləri ilə bağlıdır: şəffaf qatlar bəzən mətn və ikonları örtərək məlumatın qavranılmasını çətinləşdirir.

Analitiklərin fikrincə, "Apple" dizaynı tədricən təkmilləşdirəcək və "Liquid Glass" gələcəkdə "iPhone", "iPad", "Mac" və "Apple Watch" kimi cihazlarda uzunmüddətli vizual üsluba çevrilə bilər.

Qiymət Mahir

tag: Apple,iOS ,Liquid Glass,Mac,TodayPress TV,