Zlatanın qorxulu xatirəsi: “Sağ çıxmaq istəyirdim”
İsveç millisinin və PSJ klubunun sabiq hücumçusu Zlatan İbrahimoviç Avropa azarkeşləri ilə bağlı maraqlı xatirəsini bölüşüb.
TodayPress TV xəbər verir ki, İbrahimoviç ABŞ və Avropa azarkeşləri arasındakı fərqlərdən danışarkən Marseldə yaşadığı təhlükəli hadisəni xatırladıb.
“Avropada məğlub olsanız, azarkeşlər sizi avtomobilinizin yanında gözləmir, evinizin yanında gözləyirlər. Həm də əllərində tako ilə yox. Bu, tamamilə fərqli məsələdir.
Xatırlayıram ki, PSJ-də çıxış etdiyim vaxt Marselə səfərə gedəndə meydanda bizə bıçaq atırdılar. Qol vurmuşduq və adətən bunu qeyd etmək üçün künc bayrağına tərəf gedirdik, çünki həmin yer azarkeşlərə daha yaxın olur. Mən isə bizə tərəf bıçaq atıldığını gördüm. Komanda yoldaşlarıma dedim ki, növbəti qolu meydanın mərkəzində qeyd edəcəyik. Oradan sağ çıxmaq istəyirdim, daha künc bayrağının yanında heç bir sevinc olmayacaqdı”, – deyə İbrahimoviç bildirib.
Qeyd edək ki, Zlatan bu fikirləri ABŞ-da yayımlanan Jimmy Kimmel Live proqramında səsləndirib.
Namiq HUN