Yeniyetmələrimizin Olimpiya uğuru: Altı medal və ilk onbirlik!
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında 13-cü yarış günü başa çatıb.
TodayPress TV Milli Olimpiya Komitəsinə istinadən xəbər verir ki, növbəti yarış gününü bir gümüş medalla tamamlayan Azərbaycan komandası ümumi medal sıralamasında bir pillə irəliləyib.
Hazırda yığmamız 3 qızıl və 3 gümüş medalla 11-ci yerdə qərarlaşıb.
Medal sıralamasına 32 mükafat (17 qızıl, 8 gümüş, 7 bürünc) qazanan Çin başçılıq edir. Yaponiya 9 qızıl, 8 gümüş və 9 bürünc medalla ikinci, Rusiya isə 8 qızıl, 4 gümüş və 2 bürünc medalla üçüncü pillədə yer alıb.
Misir 12 medalla (6 qızıl, 1 gümüş, 5 bürünc) dördüncü, Efiopiya isə 8 medalla (5 qızıl, 3 gümüş) beşinci sıradadır.
Qeyd edək ki, multi-idman yarışlarında medal qazanan ölkələrin sayı 98-ə çatıb. Onlardan 79-u qızıl medal əldə edib.
Xatırladaq ki, Azərbaycan komandasına qızıl medalları cüdoçu İbrahim Talıbov (55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazandırıblar.
Çimərlik güləşində Nihad Süleymanlı (80 kq), taekvondo üzrə Adil Kazımlı (73 kq) və boksçu Gülər Hüseynova (51 kq) isə gümüş medala sahib çıxıblar.
Namiq HUN