Yeni mövsüm, yeni qaydalar: “Formula-1”də dəyişikliklər
İdman
06.03.2026 17:09
Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2026-cı il mövsümünün ilk yarışı olan Avstraliya Qran-prisi ərəfəsində “Formula 1” yarışlarının stüardları üçün tətbiq olunan qaydaları yeniləyib.
TodayPress TV xəbər verir ki, yeni qərara əsasən, 2026-cı ildən etibarən stüardlar cərimə xallarını yalnız təhlükəli, düşünülməmiş və ya açıq şəkildə qəsdən edilən hərəkətlər nəticəsində baş verən toqquşmalara görə verəcəklər.
Həmçinin qəbuledilməz və ya qeyri-idman davranışları da bu cəzaların tətbiqinə səbəb ola bilər.
Bundan başqa, stüardlara qaydaları tətbiq edərkən daha geniş qərarvermə çevikliyi veriləcək. Xüsusilə pilot toqquşmadan yayınmağa çalışdığı hallarda qərarlarda daha yumşaq yanaşma tətbiq olunması planlaşdırılır. Məsələn, sürücü əyləc zamanı təkərləri bloklasa və buna baxmayaraq rəqibi ilə toqquşma baş versə, lakin onun bu toqquşmadan qaçmağa çalışdığı aydın görünsə, stüardlar bunu nəzərə alacaqlar.
Belə hallarda stüardlar sürücünün əyləc zamanı təkərləri tam blokladığı anda fizika qanunlarının təsirini də qiymətləndirəcəklər. Yəni pilot toqquşmadan qaçmağa cəhd etsə də, texniki olaraq bunu etmək mümkün olmaya bilər.
Yeni qaydalara görə, döngələrdə edilən ötmə manevrlərində sürücü artıq döngədə üstün mövqe əldə edibsə, stüardlar nəzərə alacaqlar ki, digər avtomobil sadəcə olaraq döngənin apeksindən “yoxa çıxa bilməz”.
Bundan əlavə, sarı və mavi bayraqlar şəraitində pilotlardan gözlənilən davranış qaydaları ilə bağlı da əlavə dəyişikliklər edilib.
Namiq HUN
tag: Formula 1,FİA,Yarış,Qərar,Todaypress.tv,
