Yelena Rıbakina mövsümün son yarışında iştirak etməyəcək - SƏBƏB
Qazaxıstanı təmsil edən tennisçi, dünya reytinqinin lideri Yelena Rıbakina WTA-nın Yekun Turnirindən çəkilib.
TodayPress TV WTA-nın rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı idmançı səhhətindəki problemlər səbəbindən mövsümün son yarışında iştirak edə bilməyəcək.
“Bütün azarkeşlərimə təəssüflə bildirmək istəyirəm ki, bu il WTA-nın Yekun Turnirində iştirakdan imtina etməyə məcburam. Mövsüm mənim üçün inanılmaz keçdi, lakin fiziki cəhətdən yarışmağa hazır deyiləm. Bir müddət evdə dincəlib bərpa olunacağam və 2027-ci il mövsümünə hazırlaşacağam”, - deyə Rıbakina bildirib.
Turnirin təşkilatçıları tennisçinin yarışdan çəkilməsinə virus infeksiyasının səbəb olduğunu açıqlayıblar.
Rıbakinanı turnirdə ukraynalı Marta Kostyuk əvəzləyəcək. O, qrup mərhələsində ABŞ təmsilçiləri Koko Qauff və Cessika Pequla, həmçinin çexiyalı Linda Noskova ilə mübarizə aparacaq.
Digər qrupda belaruslu Arina Sobolenko, rusiyalı Mirra Andreyeva, ukraynalı Elina Svitolina və çexiyalı Karolina Muxova çıxış edəcəklər.
Qeyd edək ki, noyabrın 8-dən 15-dək ABŞ-nin İndian-Uells şəhərində keçiriləcək yarışın son qalibi Rıbakina olub. O, 2025-ci ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunan turnirdə çempionluq qazanıb.
Qazaxıstan təmsilçisi 2026-cı il mövsümünü 54 qələbə və 14 məğlubiyyətlə başa vurub. O, il ərzində Avstraliya Açıq Çempionatı, ABŞ Açıq Çempionatı, Ştutqart və Ninqbo turnirlərinin qalibi olub.