Azərbaycan Dakar-2026-da daha bir qızıl medal qazandı

Azərbaycan Dakar-2026-da daha bir qızıl medal qazandı
08.11.2026 22:08 İdman

Azərbaycan komandası Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çimərlik güləşi üzrə daha bir qızıl medal əldə edib.

TodayPress TV xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Elgün Kərimli final görüşündə Gürcüstan təmsilçisi Nuradin Mustafayevə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

B qrupunda çıxış edən idmançımız qrup mərhələsində keçirdiyi hər üç görüşdən qələbə ilə ayrılıb. O, Moldova təmsilçisi Artiom Kakeanı, Mərakeş idmançısı Nour Qannamı və Braziliya təmsilçisi Allan Smit di Souza Beserranı məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Elgün Kərimli yarımfinalda Seneqal təmsilçisi Ablaye Diufu da məğlub edərək finala yüksəlib.

Beləliklə, Azərbaycan komandası Dakar-2026-da çimərlik güləşi yarışlarını 3 medalla başa vurub. Daha əvvəl Tunar Quliyev (70 kq) qızıl, Nihad Süleymanlı (80 kq) isə gümüş medal qazanıb.

Günel Kərimli (55 kq) isə yarışı beşinci pillədə tamamlayıb.

XƏBƏR LENTİ
08 NOYABR 2026
Bütün Xəbərlər