Yaxın Şərq böhranı futbol dünyasını sarsıdır – Ronaldo getdi

İdman

03.03.2026 15:11

Kriştianu Ronaldo bölgədə artan gərginlik fonunda Səudiyyə Ərəbistanını təcili tərk edib.

TodayPress TV “The Sun” nəşrinə istinadən xəbər verir ki, “Əl-Nəsr” klubunun yarımmüdafiəçisi ailəsi ilə birlikdə şəxsi təyyarə ilə ölkədən ayrılıb.

Təyyarənin uçuşu “Flightradar” sistemində qeydə alınıb və Madridə eniş etdiyi bildirilir.

Ronaldo nişanlısı Corcina Rodriges və beş övladı ilə birlikdə Ər-Riyadda yaşayırdı. Ötən həftənin sonunda şəhər dron hücumlarına məruz qalıb. Bu hadisələrin Yaxın Şərqdə geosiyasi vəziyyətin gərginləşməsi ilə əlaqəli olduğu vurğulanır. Hücumların davam etməsi futbolçunun ölkəni tərk etmək qərarına təsir göstərə bilər.

Qeyd edək ki, cari mövsümdə 41 yaşlı futbolçu bütün turnirlərdə 22 oyunda 20 qol vurub. Fevral ayında o, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu – Public Investment Fund (PIF) ilə bağlı narazılıq səbəbindən komandanın oyunlarını boykot etmişdi. Ronaldo fondun “Əl-Nəsr”ə digər klublarla, o cümlədən “Əl Hilal”  ilə müqayisədə daha az diqqət və resurs ayırdığını bildirmişdi. Daha sonra o, yenidən komandanın heyətinə qayıtmışdı.

Namiq HUN

TodayPress TV

tag: Kriştianu Ronaldo,Səudiyyə Ərəbistanı,Corcina Rodriges,Dron,Hücum,Todaypress.tv,