VI İslam Həmrəyliyi Oyunları: İdmançılarımız beş növdə mübarizə aparacaqlar
İdman
10.11.2025 10:32
Səudiyyə Ərəbistanında VI İslam Həmrəyliyi Oyunları davam edir.
TodayPress TV xəbər verir ki, Ər-Riyad turnirinin növbəti yarış günündə üzgüçülərdən Məryəm Cavadova, Abdurrahman Rüstəmov, Anastasiya Boborıkina, Eqor Maynitskiy, Ramil Vəlizadə, Vlastilina Xasyauova, Mehri Əbdurəhmanlı və 2 qız, 2 oğlandan ibarət qarışıq komanda İslamiadanın mükafatları uğrunda yarışacaqlar.
Stolüstü tennis üzrə qadınlardan ibarət Azərbaycan millisi yarımfinalda Misir seçməsi ilə qarşılaşacaq.
Cüdo yığması isə 1/4 finalda Səudiyyə Ərəbistanı komandası ilə münasibətlərə aydınlıq gətirəcək.
Bu gün ağırlıqqaldıran Ravin Alməmmədov (79 kq) körpücük üzərinə çıxacaq.
Dörd boksçumuz final görüşünə çıxacaq. Nərgiz Zeynalova (54 kq) Ayşen Taşkinlə (Türkiyə), Səidcəmşid Cəfərov (80 kq) Sultan Osmanlı ilə (Türkiyə), Aynur Mikayılova (57 kq) Khumorabonu Mamajonova ilə (Özbəkistan), Məhəmmədəli Qasımzadə (60 kq) Madiyar Daniyarovla (Özbəkistan) döyüşəcək.
Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində İslamiadanın 17 mükafatı (2 qızıl, 3 gümüş, 12 bürünc) var. Millimiz medal sıralamasında altıncı yerdədir.
İslamiada noyabrın 21-də başa çatacaq.
Namiq HUN
tag: Boks,İslamiada,Tennis,Milli,Todaypress.tv,
