Uşaqlıq arzusu gerçəyə çevrildi: Hemiltondan duyğusal paylaşım
Hemilton Antonelli və Hacarla çəkdirdiyi fotonu paylaşıb.
TodayPress TV xəbər verir ki, “Formula-1” üzrə yeddiqat dünya çempionu və “Ferrari” pilotu Lyuis Hemilton Monako Qran-prisindən sonra “Mercedes” sürücüsü Andrea Kimi Antonelli və “Red Bull” komandasının üzvü İsak Hacar ilə çəkdirdiyi selfini sosial şəbəkədə paylaşıb.
Britaniyalı pilot paylaşımına azarkeşlərdən birinin X platformasında yayımladığı maraqlı görüntünü də əlavə edib. Həmin fotolarda balaca yaşlarında olan Antonelli və Hacarın Hemiltonla birlikdə selfi çəkdirdiyi əks olunub. O zaman artıq Hemilton “Formula-1”in ən tanınmış simalarından biri idi.
Qeyd edək ki, Monako Qran-prisində qələbəni Andrea Kimi Antonelli qazanıb. Lyuis Hemilton ikinci, İsak Hacar isə üçüncü yeri tutub.
19 yaşlı Antonelli “Formula-1”də yeni nəslin ən parlaq nümayəndələrindən biri hesab olunur. O, mövsümün ilk altı mərhələsindən sonra dünya çempionatının lideridir və ardıcıl beş yarışda qələbə qazanıb. 21 yaşlı Hacar isə pilotlar sıralamasında səkkizinci pillədə qərarlaşıb.
Namiq HUN