“US Open”də dramatik dueldən sonra Alkaras Şeltonun sirrini açdı
“Böyük dəbilqə” turnirlərinin yeddiqat çempionu, dünya reytinqinin 3-cü pilləsində qərarlaşan ispaniyalı tennisçi Karlos Alkaras ABŞ Açıq çempionatının 1/4 finalında Ben Şeltonun ona necə təzyiq göstərdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.
Alkaras amerikalı tennisçinin servisini mühüm üstünlük hesab edir.
“Belə vəziyyətlərdə servis çox ciddi silahdır. Bəzən qalib gəlirsən, bəzən isə məğlub olursan.
Sonuncu tay-breykimi xatırlayıram. Bu, Parisdə olmuşdu və orada inanılmaz oyun keçirmişdim.
Mübarizə aparmağa, fiziki problemlərin öhdəsindən gəlməyə çalışarkən çox yorulursan. Şelton isə servisi ilə sənə böyük təzyiq göstərir.
Düşünürsən ki, heç olmasa topu geri qaytarmağa çalışım. Amma bilmirsən ki, xalı oynamağa imkan tapacaqsan, yoxsa o, servisi hesabına asan xal qazanacaq. Düşünürəm ki, belə məqamlarda o, servisi sayəsində böyük üstünlük əldə edir. Bu, bəhanə deyil, amma deyərdim ki, belə vəziyyətlərdə servis çox mühüm silahdır”, – deyə Alkaras bildirib.
Namiq HUN