Tennis dünyasında sarsıntı: Cokoviç assosiasiyanı tərk etdi

İdman

05.01.2026 13:26

Böyük Dəbilqə turnirlərinin 24 qat qalibi, serbiyalı tennisçi Novak Cokoviç Peşəkar Tennisçilər Assosiasiyasını (PTPA) tərk etdiyini bəyan edib. 

TodayPress TV xəbər verir ki, tennisçi bu qərara gəlməsinə bir sıra amillərin səbəb olduğunu bildirib.

“Dərin düşüncədən sonra Peşəkar Tennisçilər Assosiasiyasından (PTPA) tamamilə ayrılmaq qərarı verdim. Bu qərar şəffaflıq, idarəetmə və mənim səsimin, eləcə də obrazımın necə təqdim olunması ilə bağlı davam edən suallarla əlaqədardır.

Vaşek Pospisil ilə birlikdə PTPA-nı qurarkən bölüşdüyümüz mövqeyimizlə fəxr edirəm. Məqsədimiz tennisçilərə daha güclü və müstəqil səs vermək idi. Lakin zamanla aydın oldu ki, mənim dəyərlərim və yanaşmam təşkilatın indiki inkişaf istiqaməti ilə üst-üstə düşmür.

Bundan sonra diqqətimi tennisə, ailəmə və idmana prinsiplərimə uyğun yollarla töhfə verməyə yönəldəcəyəm. Tennisçilərə və bu prosesdə iştirak edən hər kəsə gələcəkdə uğurlar arzulayıram, lakin mənim üçün bu mərhələ artıq başa çatıb”, — deyə Cokoviç sosial şəbəkələrdə yazıb.

Qeyd edək ki, PTPA 2020-ci ildə Novak Cokoviçin fəal iştirakı ilə yaradılıb. Daha əvvəl assosiasiya ATP, WTA, ITF və ITIA qurumlarını səlahiyyətlərdən sui-istifadədə və tennisçilərin rifahına ciddi etinasızlıqda ittiham edib. İddiaçılar arasında Nik Kyrgios, Raylli Opelka, Varvara Qraçeva və Sorana Kırstya kimi tanınmış tennisçilər də yer alıb.

Namiq HUN

TodayPress TV

tag: Novak Cokoviç,Tennis,Turnir,Peşəkar Tennisçilər Assosiasiyası,Todaypress.tv,