Tarixi qərar astanasında - Lebronun mümkün qayıdışı gündəmdə
İdman
19.02.2026 09:32
“Los-Anceles Leykers” klubunun ulduz basketbolçusu Lebron Ceymsin gələn yay “Klivlend Kavalyers”ə mümkün qayıdışının əsas şərtləri açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə ESPN-in Şimali Amerika üzrə jurnalisti və insayderi Brayan Uindhorst danışıb.
Onun sözlərinə görə, basketbolçu minimal müqaviləyə razılaşacağı halda transfer demək olar ki, qaçılmaz ola bilər.
Uindhorst bildirib ki, əgər Lebron sağlam olsa, geri qayıtmaq istəsə və minimal maaşla razılaşsa, bu transferin baş tutma ehtimalı “99 faiz” səviyyəsindədir.
Qeyd edək ki, 2026/2027 mövsümündə 10 ildən çox NBA təcrübəsi olan veteran oyunçu üçün minimal maaş 3,9 milyon dollar təşkil edəcək. Müqayisə üçün, hazırkı müqaviləsinə əsasən Lebron “Leykers”də ildə 52,6 milyon dollar qazanır.
Bu isə o deməkdir ki, doğma klubu sayılan “Klivlend”ə qayıtmaq üçün basketbolçu təxminən 49 milyon dollara yaxın maaş azaldılmasına razılaşmalı olacaq.
Namiq HUN
tag: Leykers,Klivlend Kavalyers,Lebron,NBA,Todaypress.tv,
