TARİXİ PERFORMANS: SİNNER TENNİS DÜNYASINI FƏTH EDİR
İdman
13.04.2026 12:33
İtaliyalı tennisçi Yannik Sinner növbəti tarixi uğuruna imza atıb. O, Monte-Karlo “Masters” turnirinin finalında dünya reytinqinin lideri Karlos Alkaras üzərində qələbə qazanıb. Sinner rəqibini 7:6 (7:5), 6:3 hesabı ilə məğlub edərək karyerasında daha bir titul əldə edib.

İTALİYALI TENNİSÇİ 100-CÜ TOP-20 QƏLƏBƏSİ İLƏ TARİX YAZDI

Bu qələbə ilə Sinner Peşəkar Tennisçilər Assosiasiyası (ATP) reytinqinin TOP-20 oyunçularına qarşı 100-cü qalibiyyətini qazanıb. Onun bu göstəricidə 47 məğlubiyyəti də var.
Bir sözlə, apeninli raketka ustası möhtəşəm seriyasını davam etdirir. Yannik Sinnerin “Masters” turnirlərində qazandığı ardıcıl qələbələrin sayı artıq 22-yə çatıb. O, bu uğurdan əvvəl İndian Uells “Masters” və Mayami Open yarışlarında qalib gələrək “Günəş dubli”nə nail olmuşdu. İtaliya peşəkarı həmçinin karyerasında ikinci dəfə torpaq örtüklü kortda çempion olub (ilk titulunu 2022-ci ildə Umaq turnirində qazanmışdı).
SİNNER ARDICIL 7-Cİ FİNAL QƏLƏBƏSİ İLƏ ZİRVƏYƏ QAYITDI

Gənc tennisçi Monte-Karlo uğuru ilə ardıcıl 7-ci finalını qalib başa vurub. Sinner daha əvvəl cari mövsüm Mayami Open və İndian Uells “Masters” turnirlərinin finallarında, həmçinin ötən ildə ATP Finals, Paris “Masters”, Vyana ATP-500 və Pekin “Masters” yarışlarının həlledici görüşlərində qalib gəlib.
Sinnerin son məğlub olduğu final isə US Open 2025 turnirinə təsadüf edir. Həmin görüşdə o, Alkarasa uduzmuşdu.
Yannik son uğuru ilə karyerasında 27-ci titulunu əldə edərək Alkarası (26 titul) geridə qoyub.
SİNNER ƏFSANƏLƏRİN REKORDUNA ÇATDI

Onun daha bir tarixi nailiyyəti isə ardıcıl dördüncü “Masters” titulunu qazanaraq bu göstəricidə Rafael Nadal və Novak Cokoviç kimi əfsanələrə çatmasıdır.
Monte-Karlodakı uğur Yannik Sinnerə yenidən ATP reytinqində 1-ci pilləyə yüksəlmək imkanı verib. Hazırda onun aktivində 13 400 xal var. Alkaras isə 13 240 xalla ikinci pilləyə enib.
Namiq HUN
tag: Yannik Sinner,Tennis,Rekord,Qalib,Todaypress.tv,
