Stefen Karridən vacib mesaj: “Etdiyiniz hər işdə sevinc tapın”
“Qolden Steyt Uorriorz”un ulduz basketbolçusu Stefen Karri həyatda uğur qazanmasına və qarşıya doğru irəliləməsinə kömək edən əsas prinsiplərindən danışıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə San-Fransisko Universitetində çıxışı zamanı bildirib.
Karrinin sözlərinə görə, uğur qazanmaq istəyən insan ətrafındakı insanlardan fərqli həyat yolu seçməli və özünə uyğun istiqaməti tapmalıdır.
“Uğur qazanmaq istəyirsinizsə, həyatınız ətrafınızdakı insanların həyatından fərqlənməlidir. Məhz sizə uyğun olan öz yolunuzu tapmaq çox vacibdir.
Mənim həyatda əsas prinsiplərimdən biri hər gün səmimi minnətdarlıq və sevinc hissini qorumağa çalışmaq olub. Nə baş verməsindən asılı olmayaraq, həyatda həmişə minnətdar olmaq üçün səbəb tapmaq mümkündür və hər zaman şükür etməli olduğumuz nələrsə var.
Məhz bu, həyat sizi gah yüksəldəndə, gah da çətinliklərlə üzləşdirəndə irəli getməyə kömək edir. Buna görə də özünüzdə minnətdarlıq hissini inkişaf etdirin və etdiyiniz hər işdə sevinc tapmağa çalışın. Beləliklə, həyatın həm ən çətin, həm də ən gözəl anlarının öhdəsindən gələ bilərsiniz”, – deyə Stefen Karri bildirib.
Namiq HUN