Sport1: 2026 Hemilton üçün həlledici ola bilər
İdman
06.01.2026 11:20
“Formula-1”in keçmiş pilotu Romen Qrojan britaniyalı yeddiqat dünya çempionu, hazırda “Ferrari” komandasında çıxış edən Lyuis Hemiltonun gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
TodayPress TV Sport1 nəşrinə istinadən xəbər verir ki, o, 2025-ci ilin Hemilton üçün uğursuz keçməsindən sonra vəziyyəti dəyərləndirib.
“Bunu heç vaxt əvvəlcədən bilmək olmur. Niko Rosberq dünya çempionu titulunu qazandıqdan cəmi beş gün sonra “Formula-1”dən getdi. Bu, hamı üçün şok idi. Lyuis indi gedərmi? Məncə, yox. Düşünürəm ki, onda qürur və güclü rəqabət ruhu var, o, uğur qazanmaq istəyir və belə bir mövsümdən sonra karyerasını bitirə bilməz. Ona görə də mənim fikrimcə, o, 2026-cı ildə də “Formula-1”də qalacaq. Amma 2026-cı il onun son mövsümlərindən biri ola bilər”, - deyə Qrojan bildirib.
Romen, həmçinin qeyd edib ki, Hemilton artıq gənc deyil.
“Yaşlı da sayılmaz, amma pilot üçün kifayət qədər böyük yaşdadır. O, 2007-ci ildən bəri “Formula-1”də çıxış edir. Bu aləm insandan çox enerji alır. Nəhayət, insan yorulur və evə qayıtmaq istəyir”, - Qrojan əlavə edib.
Namiq HUN
tag: Romen Qrojan,Formula-1,Ferrari,Lyuis Hemilton,Todaypress.tv,
