“Son rəqs”in qiymətsiz mirası: Cordanın forması hərrac dünyasını silkələyir
Maykl Cordanın 1998-ci il NBA final seriyasının üçüncü matçında geyindiyi oyun forması hərraca çıxarılacaq.
TodayPress TV xəbər verir ki, mütəxəssislərin qiymətləndirməsinə görə, geyimin dəyəri 10 milyon ABŞ dollarını ötə bilər.
Bu baş verərsə, sözügedən lot hərraclar tarixində satılan ən baha basketbol forması olacaq.
Cordan bu formada “Çikaqo Bullz”un “Yuta Cazz”ı 96:54 hesabı ilə darmadağın etdiyi qarşılaşmada parketə çıxıb. Həmin qələbə NBA finalları tarixinin ən böyükhesablı uğuru kimi qeydə alınıb. Bu oyundan qısa müddət sonra əfsanəvi basketbolçu özünün altıncı və sonuncu çempionluq titulunu qazanıb.
Bu, Cordanın 1998-ci ilin qalibiyyət matçından ictimaiyyətə məlum olan yeganə ağ rəngli oyun formasıdır. Həmin seriyadan günümüzədək “Çikaqo”nun qələbə qazandığı hər qarşılaşmadan bir ədəd olmaqla cəmi dörd forma çatıb. Qalan üç formadan ikisi özəl kolleksiyalarda saxlanılır və böyük ehtimalla bir daha hərraca çıxarılmayacaq.
Namiq HUN