Sərt mövqe! Ukrayna yığması prinsipindən dönmədi

İdman

13.04.2026 17:37

Ukrayna su polosu millisi Rusiya yığma komandası ilə oyuna çıxmaqdan imtina edib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Su Polosu Federasiyasının nümayəndəsi Aleksandr Dedura məlumat verib. 

Ukrayna yığması Su Polosu üzrə Dünya Kuboku mərhələsində 7-ci yer uğrunda keçirilməli olan matçda iştirak etməyəcək. Nəticədə qarşılaşma baş tutmayacaq.

Onun sözlərinə görə, komanda bu qərarın mümkün nəticələrindən xəbərdardır, lakin prinsipial mövqeyindən geri çəkilməyəcək.

“Biz oyuna çıxmayacağıq. Hazırda beynəlxalq federasiya ilə danışıqlar aparırıq ki, bu qərara görə diskvalifikasiya olunmayaq. Xüsusilə də gənc komandaların gələcək yarışlarda iştirakını qorumağa çalışırıq. Qaydalar belə hallarda cəza nəzərdə tutur, amma ümid edirik ki, bu addımımız cəzalandırılmayacaq”, – deyə o bildirib.

Dedura qeyd edib ki, bu qərar əvvəlcədən qəbul olunmuş prinsipial mövqedir:

“Əgər Rusiya ilə qarşılaşsaq, oynamayacağıq – bunu əvvəlcədən qərarlaşdırmışdıq”.

Ukrayna su polosu millisi Rusiya ilə oyuna çıxmaqdan imtina etdikdən sonra texniki məğlubiyyət alıb.

Qeyd edək ki, görüş 13 aprel tarixində Maltada keçirilməli idi. Rusiya yığması 2026-cı ildə Beynəlxalq Su İdman növləri Federasiyası (World Aquatics) bayrağı altında yenidən arenaya qayıdıb, lakin hazırda milli bayraqla çıxış etmək hüququ yoxdur.

Namiq HUN

TodayPress TV

tag: Ukrayna,Rusiya,Su polosu,Matç,Todaypress.tv,