Şahmatçılarımızdan Avropa zəfəri: Azərbaycan ilk beşlikdə!
Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində 8-18 yaşadək şahmatçılar arasında keçirilən Avropa çempionatı başa çatıb.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçiləri qitə birinciliyini 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.
18 yaşadək qızların yarışında Nərmin Abdinova sonuncu - IX turda FIDE bayrağı altında çıxış edən Lizaveta Liashkeviçə qalib gəlib. Bir tur əvvəl çempionluğu təmin edən şahmatçımız 9 turda 9 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.
18 yaşlı oğlanların mübarizəsində Tunar Davudov son turda Polşa təmsilçisi Pavel Sovinskini məğlub edib. Xalını 7-yə çatdıran şahmatçımız Avropa çempionatının gümüş medalına sahib çıxıb.
8 yaşlı qızların yarışında isə Selin Məmmədova Türkiyə şahmatçısı Eliz Karahana qalib gələrək bürünc medal qazanıb.
Beləliklə, Avropa çempionatında üç medal əldə edən millimiz 42 ölkə arasında komanda hesabında 3-5-ci yerləri bölüşdürüb.
Namiq HUN